BAKI, 20 noyabr. TELEQRAF

Torpaq islahatı nəticəsində vətəndaşlara verilmiş həyətyanı sahələrin sənədləşdirilməsi zamanı yaranmış fərqli hüquqi vəziyyətin aradan qaldırılması istiqamətində addım atılır.

Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Yeni qanun layihəsi eyni hüquqi əsasla torpaq əldə edən şəxslərin yalnız sənədlərin verildiyi tarixə görə fərqli imkanlara malik olmasının qarşısını almağa yönəlib.

Belə ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi 2006-cı il iyulun 6-dək vətəndaşlara verilmiş həyətyanı torpaq sahələri üzrə mülkiyyət hüququnu təsdiq edən şəhadətnamələr hazırlayıb. Həmin tarixdən sonra isə vətəndaşlara əsasən torpaq sahəsinin plan və ölçüsü təqdim edilib.

Nəticədə şəhadətnaməsi olan şəxslər torpaqlarını dövlət qeydiyyatına aldıra bildikləri halda, plan-ölçü sənədi ilə kifayətlənən vətəndaşlar belə bir hüquqi imkan əldə edə bilməyiblər.

Qanun layihəsi ilə 2015-ci il fevralın 6-dək tərtib edilmiş müvafiq plan-ölçü sənədlərinin torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas kimi müəyyənləşdirilməsi təklif edilir.

Bu yanaşma torpaq islahatı çərçivəsində yaranmış sənədləşmə fərqini aradan qaldırmağa, vətəndaşların mülkiyyət hüquqlarının qorunmasına və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına hüquqi zəmin yaratmağa xidmət edir.