BAKI, 20 noyabr. TELEQRAF

20 Noyabr Ağdam Şəhəri Günü Möhtərəm Cənab Prezident İlham Əliyevin qətiyyətinin, xalqımızın tarixi Zəfərinin, dövlətimizin siyasi qüdrətinin və doğma torpaqlarımıza qayıdışın təntənəsidir. Sözügedən əlamətdar gün ərazi bütövlüyümüzün bərpası uğrunda apardığımız mübarizənin, milli iradəmizin parlaq ifadəsidir. Qədim tarixə, zəngin mədəni irsə və özünəməxsus ənənələrə malik şəhərlərimizdən olan Ağdam 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. İşğal nəticəsində minlərlə soydaşımız şəhid oldu, yüz minlərlə soydaşlarımız doğma yurdlarından didərgin düşdü. Şəhərin yaşayış məhəllələri, tarixi abidələri, təhsil və mədəniyyət ocaqları darmadağın edildi. Ağdamın xarabalığa çevrilməsi Ermənistanın Azərbaycan xalqına qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin və vandalizminin danılmaz sübutudur.Beynəlxalq ictimaiyyətin gözü qarşısında törədilən dağıntılar, BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinin uzun illər icra olunmaması beynəlxalq hüququn tətbiqindəki ikili standartları bir daha nümayiş etdirdi. Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etmək əzmini heç zaman itirmədi.

Bu sözləri Teleqraf-a açıqlamasında Ağdamın azadlığa qovuşduğu günün tarixi əhəmiyyətindən bəhs Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Günay Ağamalı deyib.

O qeyd edib ki, 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Möhtərəm cənab Prezident İlham Əliyevin zərgər dəqiqliyi ilə həyata keçirdiyi hərbi strategiya və Azərbaycan Ordusuna rəhbərliyi sayəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər işğala son qoydu:

"Ermənistanın kapitulyasiyasını rəsmiləşdirən 10 noyabr üçtərəfli Bəyanatına əsasən, noyabrın 20-də Ağdam bir güllə atılmadan Azərbaycana qaytarıldı. Əldə olunan tarixi nailiyyət ölkə başçımız Cənab İlham Əliyevin siyasi iradəsinin və praqmatik diplomatiyasının, dövlətimizin hərbi gücünün nəticəsi idi.

Günümüzdə Ağdamın taleyində tamamilə yeni arix yazılır. Bir zamanlar xarabalığa çevrilmiş şəhər dövlətimizin gücü və imkanları hesabına yenidən qurulur, müasir həyatın bütün tələblərinə cavab verən yaşayış və iqtisadiyyat mərkəzinə çevrilir.

Ölkə rəhbərimiz Cənab İlham Əliyevin nəzarəti və rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri Ağdamın simasını kökündən dəyişir. Şəhərin 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş plan əsasında müasir yaşayış kompleksləri, təhsil və səhiyyə müəssisələri, yollar, kommunikasiya xətləri və sosial infrastruktur obyektləri inşa olunur. Ağdam Sənaye Parkının fəaliyyəti, yeni istehsal müəssisələrinin yaradılması bölgənin iqtisadi potensialını gücləndirir, əhalinin məşğulluğuna və dayanıqlı məskunlaşmaya xidmət edir.

Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin, Muğam Mərkəzinin, yeni məktəblərin, yaşayış məhəllələrinin istifadəyə verilməsi, Ağdam Cümə məscidinin və tarixi İmarət Kompleksinin bərpası şəhərin iqtisadi və mədəni həyatının dirçəlişini əks etdirir. Bütün bunlar Azərbaycanın tarixi yaddaşını, milli-mənəvi irsini və mədəni dəyərlərini qoruyaraq gələcəyə daşıdığını göstərir".

Deputat Ağdamın dirçəlişinin ən mühüm göstəricisi doğma yurdlarına qayıdan soydaşlarımız olduğunu söyləyib:

"Böyük Qayıdış Proqramı çərçivəsində Ağdam şəhərində, Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərində artıq 8300 nəfər məskunlaşıb. İllərlə yurd həsrəti yaşayan soydaşlarımızın öz evlərinə qayıtması, Ağdamda yenidən həyatın canlanması dövlətimizin həyata keçirdiyi siyasətin nəticələrindəndir.

Ağdamın bugünkü inkişafı həm də bütün dünyaya verilən mühüm mesajdır. Azərbaycan torpaqlarının sahibidir, dağıdılmış şəhərlərini bərpa etməyə, vətəndaşlarının təhlükəsiz və firavan gələcəyini təmin etməyə qadirdir.

Cənab Prezident İlham Əliyevin “Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik” sözləri reallığa çevrilməkdədir. Vaxtilə erməni vandalizminin izlərini daşıyan Ağdam indi Azərbaycanın quruculuq qüdrətinin, milli birliyinin və yenilməz iradəsinin rəmzidir".

Günay Ağamalı diqqətə çatdırıb ki, möhtərəm cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti və unikal rəhbərliyi ilə Ağdam Qarabağın ən müasir, abad və inkişaf etmiş şəhərlərindən birinə çevrilməkdədir:
"20 Noyabr Ağdam Şəhəri Günü münasibətilə bütün ağdamlıları və xalqımızı təbrik edir, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik.

Azad Ağdamda həyat daim çiçəklənəcək, əzəmətli üçrəngli bayrağımız doğma Qarabağımızın səmasında əbədi dalğalanacaq".