BAKI, 21 noyabr. TELEQRAF

Prezident İlham Əliyevin 19 noyabr 2026-cı ildə Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə Azərbaycan-Vyetnam münasibətlərinin tarixi köklərini, müasir inkişaf dinamikasını, strateji tərəfdaşlığın prioritetlərini və gələcək əməkdaşlıq perspektivlərini əhatə edən mühüm siyasi-diplomatik mesajlarla zəngindir. Müsahibə Azərbaycanın xarici siyasətində tarixi dostluqlara sədaqət, qarşılıqlı hörmət, milli maraqların uzlaşdırılması və iqtisadi diplomatiyanın gücləndirilməsi prinsiplərinin ardıcıl şəkildə həyata keçirildiyini bir daha nümayiş etdirir.

Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib.

O qeyd edib ki, Azərbaycan ilə Vyetnam arasında münasibətlər ötən əsrin ortalarından formalaşmağa başlayan, zamanın sınaqlarından keçərək bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksələn xüsusi bir əməkdaşlıq modelidir:
“Bu əlaqələrin təməlində xalqlarımızın qarşılıqlı rəğbəti, siyasi iradə, etibarlı tərəfdaşlıq və beynəlxalq münasibətlərdə ortaq yanaşmalar dayanır. Cənab Prezidentin müsahibəsində bu tarixi irsə xüsusi diqqət yetirməsi təsadüfi deyil. Dövlət başçısı iki ölkə arasında dostluğun əsasını qoymuş liderlərin tarixi rolunu xatırladaraq, bugünkü əməkdaşlığın möhkəm siyasi və mənəvi dayaqlara söykəndiyini vurğulayır.

1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri Azərbaycan-Vyetnam münasibətlərinin tarixində mühüm hadisə olmaqla, iki xalq arasında dostluq bağlarının formalaşmasına əhəmiyyətli töhfə verib. Bu münasibətlərin inkişafında Ümummilli Lider Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri və onun təşəbbüsü ilə səfər proqramının genişləndirilməsi xüsusi yer tutur.

Müasir mərhələdə Azərbaycan-Vyetnam münasibətlərinin inkişafı Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli və praqmatik xarici siyasətin mühüm istiqamətlərindən biridir. 2014-cü ildə dövlət başçısının Vyetnama ilk dövlət səfəri, 2015-ci ildə Vyetnam Prezidentinin Azərbaycana səfəri ikitərəfli əlaqələrin siyasi əsaslarını daha da möhkəmləndirib. 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri isə münasibətlərin yeni mərhələyə keçidini təmin edən mühüm siyasi hadisə olub. Səfər zamanı imzalanan Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkənin əməkdaşlığını keyfiyyətcə yeni səviyyəyə yüksəldərək, qarşılıqlı münasibətlərə daha geniş siyasi, iqtisadi və institusional məzmun qazandırıb. Strateji tərəfdaşlıq statusu yalnız siyasi münasibətlərin yüksək səviyyəsini ifadə etmir, həm də konkret əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, qarşılıqlı investisiyaların təşviqi, yeni bazarlara çıxış və uzunmüddətli layihələrin reallaşdırılması üçün əlverişli zəmin yaradır. Energetika, investisiya, müdafiə, kibertəhlükəsizlik, sənaye və digər sahələri əhatə edən danışıqlar iki ölkənin əməkdaşlığa kompleks yanaşdığını göstərir.

Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlığın inkişafı da bu münasibətlərin siyasi və ideoloji dialoq müstəvisində əhəmiyyətli istiqamətlərindən biridir. Siyasi partiyalar arasında qarşılıqlı təcrübə mübadiləsi, siyasi məsləhətləşmələr və əlaqələrin genişləndirilməsi dövlətlərarası münasibətlərin davamlılığına, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, Azərbaycan və Vyetnamın BMT, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) və digər beynəlxalq platformalarda əməkdaşlığı onların qlobal məsələlərə dair dialoqunun mühüm tərkib hissəsidir”.

Deputat bildirib ki, energetika sahəsi Azərbaycan-Vyetnam əməkdaşlığının tarixi və strateji əhəmiyyət daşıyan istiqamətlərindən biridir:

“Azərbaycanın zəngin enerji resursları, neft-qaz sektorunda formalaşmış təcrübəsi və beynəlxalq enerji bazarlarında mövqeyi Vyetnamla əməkdaşlığın genişləndirilməsi üçün mühüm imkanlar yaradır. SOCAR ilə PetroVietnam arasında əlaqələrin dərinləşdirilməsi, 2025-ci ildə imzalanmış Anlaşma Memorandumunun nəzərdə tutduğu yataqların kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər, mütəxəssis hazırlığı kimi istiqamətlər qarşılıqlı faydalı əməkdaşlığın konkret məzmununu formalaşdırır.

Azərbaycanın investisiya mühiti, iqtisadi islahatları və qeyri-neft sektorunun inkişafı Vyetnam biznes dairələri üçün yeni imkanlar açır. Vyetnam şirkətlərinin ölkəmizdə tikinti, infrastruktur, bərpa olunan enerji və digər sahələrdə layihələrin həyata keçirilməsinə maraq göstərməsi iqtisadi münasibətlərin şaxələndirilməsi baxımından müsbət tendensiyadır.

Azərbaycanın geostrateji mövqeyi, inkişaf etmiş nəqliyyat infrastrukturu və beynəlxalq logistika imkanları Vyetnamla əməkdaşlığın yeni istiqamətlərindən biri kimi tranzit daşımalarını ön plana çıxarır.

Orta Dəhliz və “Şimal-Cənub” nəqliyyat dəhlizi Azərbaycanın beynəlxalq logistika sistemində rolunu gücləndirən mühüm layihələrdir. Vyetnamdan Avropaya və əks istiqamətdə yükdaşımaların Azərbaycan üzərindən həyata keçirilməsi iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi ilə yanaşı, Azərbaycanın tranzit potensialının daha səmərəli istifadəsinə, regional bağlantıların gücləndirilməsinə və yeni iqtisadi dəyərin yaradılmasına imkan verə bilər.

Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi humanitar, sosial və təhsil təşəbbüsləri Azərbaycanın beynəlxalq humanitar siyasətinin əhəmiyyətli istiqamətlərindən biridir. Ha Giang əyalətində ibtidai məktəbin tikintisi, təhsil layihələrinin dəstəklənməsi, Hanoy Ticarət və Turizm Kollecinə göstərilən maliyyə yardımı bu fəaliyyətin konkret nümunələridir. Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri və keçirdiyi görüşlər humanitar əlaqələrin daha da möhkəmlənməsinə, xalqlar arasında qarşılıqlı anlaşmanın inkişafına xidmət edib. Təhsil sahəsində əməkdaşlıq da ikitərəfli münasibətlərin gələcək inkişafı üçün mühüm strateji resursdur. Sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşının Azərbaycanda təhsil alması, əldə etdikləri bilik və təcrübəni sonradan öz ölkələrinin inkişafına yönəltməsi xalqlarımız arasında formalaşmış tarixi əlaqələrin mühüm göstəricisidir. Bu ənənənin müasir dövrdə universitetlərarası əməkdaşlıq, akademik mübadilə, birgə proqramlar və təhsil qrantları vasitəsilə davam etdirilməsi yeni nəsillər arasında əlaqələrin möhkəmlənməsinə imkan yaradır”.

Mehriban Vəliyeva vurğulayıb ki, Cənubi Qafqazda əsas logistika və energetika mərkəzlərindən biri kimi Azərbaycanın mövqeyi, Vyetnamın isə Cənub-Şərqi Asiyada dinamik iqtisadi inkişafı və geniş istehsal potensialı iki ölkə arasında qarşılıqlı tamamlayıcı əməkdaşlıq imkanları yaradır:
“Bu imkanların düzgün qiymətləndirilməsi, biznes əlaqələrinin genişləndirilməsi, investisiyaların təşviqi və birgə layihələrin həyata keçirilməsi tərəfdaşlığın gələcək inkişafında mühüm rol oynayacaq. Müsahibə Azərbaycanın xarici siyasət strategiyasının mühüm xüsusiyyətlərini – tarixi dostluqlara sədaqəti, suverenliyə və müstəqilliyə hörməti, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan münasibətləri, iqtisadi diplomatiyanın gücləndirilməsini və beynəlxalq platformalarda fəal iştirakı bir daha ortaya qoyur. Azərbaycan-Vyetnam münasibətlərinin inkişafı göstərir ki, dövlətlər arasında etibarlı tərəfdaşlıq yalnız siyasi iradə ilə deyil, həm də ardıcıl diplomatik fəaliyyət, iqtisadi maraqların uzlaşdırılması, humanitar əlaqələrin genişləndirilməsi və qarşılıqlı etimadın qorunması ilə möhkəmlənir”.