BAKI, 20 noyabr. TELEQRAF

Azərbaycanda illər əvvəl vətəndaşlara ayrılmış, lakin üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş həyətyanı torpaq sahələrinin qeydiyyata alınması ilə bağlı yeni hüquqi mexanizm təklif olunur.

Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 2015-ci il fevralın 6-dək tərtib edilmiş plan-ölçü sənədlərinin mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas hesab edilməsi nəzərdə tutulur.

Hazırda bir sıra vətəndaşlar torpaq sahələrinin onlara qanuni əsaslarla ayrıldığını təsdiq edən sənədlərə malik olsalar da, mülkiyyət hüquqlarını rəsmiləşdirə bilmirlər. Buna səbəb plan-ölçü sənədinin hüquqmüəyyənedici sənəd hesab edilməməsidir.

Problemin kökündə 2006-cı ildə sənədləşmə qaydasının dəyişdirilməsi dayanır. Həmin il iyulun 6-dək vətəndaşlara torpaq sahələri üzrə mülkiyyət şəhadətnamələri verilirdisə, sonrakı dövrdə bu sənədlərin hazırlanması dayandırılıb və plan-ölçü sənədlərinin tərtibinə başlanılıb.

Yeni qanunvericilik təşəbbüsü ilə bu fərqli yanaşmanın yaratdığı çətinliklərin aradan qaldırılması hədəflənir. Dəyişiklik qəbul edilərsə, müvafiq plan-ölçü sənədləri əsasında torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı mümkün olacaq.