BAKI, 20 noyabr. TELEQRAF

2006–2015-ci illərdə həyətyanı torpaq sahəsi əldə edən, lakin mülkiyyət hüququnu təsdiq edən çıxarış ala bilməyən vətəndaşlarla bağlı məsələnin qanunvericilik səviyyəsində həlli təklif olunur.

Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Hazırlanan qanun layihəsi həmin dövrdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş plan-ölçü sənədlərinin hüquqi əsas kimi tanınmasını nəzərdə tutur.

Qeyd edək ki, “Torpaq islahatı haqqında” Qanuna uyğun olaraq vətəndaşlara ayrılmış torpaqlarla bağlı əvvəllər mülkiyyət şəhadətnamələri tərtib edilirdi. Lakin 2006-cı il iyulun 6-dan sonra bu praktika dəyişib. Şəhadətnamələrin əvəzinə torpaq sahəsinin sərhədlərini və ölçülərini əks etdirən plan-ölçü sənədləri verilməyə başlanılıb.

Bu sənədlər torpaq sahəsinin texniki göstəricilərini müəyyənləşdirsə də, mülkiyyət hüququnun qeydiyyatı üçün yetərli hüquqi əsas yaratmayıb.

Təklif olunan dəyişiklik yalnız torpaq islahatı çərçivəsində verilmiş sahələri deyil, bələdiyyələr tərəfindən vətəndaşlara ayrılmış və müvafiq dövrdə plan-ölçüsü hazırlanmış həyətyanı torpaqları da əhatə edir.

Beləliklə, qanun layihəsi qəbul olunarsa, göstərilən kateqoriyaya aid vətəndaşların torpaq sahələri üzərində mülkiyyət hüquqlarını rəsmiləşdirməsi üçün yeni imkan yaranacaq.