BAKI, 20 noyabr. TELEQRAF
Azərbaycanda meşə ehtiyatlarından istifadəyə, meşə qanunvericiliyinin pozulmasına və meşə fonduna dəymiş ziyanın ödənilməsinə görə əldə olunan vəsaitlərin dövlət büdcəsinə yönəldilməsi təklif edilir.
Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin müzakirəsinə təqdim olunan Meşə Məcəlləsində və bir sıra digər qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, müqavilə ilə istifadəyə verilmiş meşə ehtiyatlarından (oduncaq tədarükü istisna olmaqla) əldə edilən gəlirlər, müsadirə olunmuş və sahibi məlum olmayan oduncağın satışından daxilolmalar, meşə ehtiyatlarından əlavə istifadəyə görə ödənişlər, habelə meşə qanunvericiliyinin pozulmasına görə ödənilən cərimələr dövlət büdcəsinə köçürüləcək.
Bundan başqa, meşə fondu torpaqlarının birdəfəlik kənarlaşdırılması ilə bağlı ödənişlərin və meşə ehtiyatlarından istifadə müddətinin uzadılmasına görə hesablanan vəsaitlərin də dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulur.
Dəyişikliklərin əsas istiqamətlərindən biri meşə ehtiyatlarından istifadəyə görə daxilolmaların büdcə sistemində uçotunun tənzimlənməsidir.
Qeyd edək ki, layihə hələ qanunvericilik prosesindədir.