BAKI, 20 noyabr. TELEQRAF

Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı güzəştlərin və birdəfəlik ödənişlərin dövlət büdcəsi hesabına maliyyələşdirilməsi təklif olunur.

Teleqraf xəbər verir ki, bu məsələ “Tullantılar haqqında” Qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, nəqliyyat vasitələrinin utilizasiyası fonduna yönəldilən vəsaitlərlə bağlı bir sıra müddəalar qanunvericilikdən çıxarılır. Eyni zamanda, utilizasiya ilə əlaqədar güzəşt və birdəfəlik ödənişlərin, habelə bu sahədə funksiyaların icrasının təşkili və təmin edilməsinin dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.

Təklif olunan dəyişikliklərə görə, maliyyələşdirmə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyənləşdirilmiş qaydada həyata keçiriləcək.

Beləliklə, qanun layihəsi qəbul olunarsa, nəqliyyat vasitələrinin utilizasiyası proqramının maliyyələşdirilməsində dövlət büdcəsinin rolu dəyişəcək.