BAKI, 20 noyabr. TELEQRAF

Azərbaycanda yerin təkinin istifadəsinə görə əldə olunan bir sıra gəlirlərin bölüşdürülməsi qaydasının dəyişdirilməsi təklif olunur.

Teleqraf xəbər verir ki, bu, Milli Məclisdə müzakirəyə çıxarılan qanun layihəsində nəzərdə tutulub.

Layihəyə əsasən, yerin təkindən, dəniz dibi sahələrindən və akvatoriyasından istifadəyə görə ödənişlərin, mineral-xammal bazasının bərpasına ayırmaların, yer təki istifadəçilərinin könüllü ödənişlərinin və istifadəyə verilmə ilə bağlı hərraclardan əldə olunan gəlirlərin 35 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldiləcək.

Həmin vəsaitlər qurumun xəzinə hesabına köçürüləcək.

Gəlirlərin qalan 65 faizinin isə dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulur.

Təklif olunan dəyişiklik yer təkinin istifadəsindən əldə olunan gəlirlərin bölüşdürülməsinin qanunvericiliklə daha konkret müəyyənləşdirilməsini nəzərdə tutur.