BAKI, 20 noyabr. TELEQRAF

Azərbaycanda fiziki şəxslərin vergi rezidenti hesab olunması meyarlarının dəqiqləşdirilməsi təklif edilir.

Teleqaraf xəbər verir ki, bu məsələ Vergi Məcəlləsinə dəyişiklikləri də əhatə edən qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, vergi rezidentliyinin müəyyənləşdirilməsi üçün əsas meyarlardan biri fiziki şəxsin təqvim ili ərzində üst-üstə 182 gündən artıq müddətdə faktiki olaraq Azərbaycan Respublikasının ərazisində olmasıdır.

Bununla yanaşı, layihədə vergi rezidentliyinin müəyyənləşdirilməsinə dair digər meyarlar da nəzərdə tutulur.

Sənəddə, həmçinin işğaldan azad edilmiş ərazilərin və Naxçıvan Muxtar Respublikasının rezidentlərinə verilən vergi güzəştləri ilə bağlı müddəalara dəyişiklik təklif olunur.

Belə ki, layihəyə əsasən, bu iki ərazinin rezidentlərinin birinin digər ərazidə eyni növ fəaliyyətlə məşğul olması, eləcə də bir ərazinin rezidentinin digər ərazinin rezidentinə mal, iş və ya xidmət təqdim etməsi müəyyən məhdudlaşdırıcı şərtlərin tətbiqinə səbəb olmayacaq.

Dəyişikliklərin məqsədi vergi rezidentliyinin müəyyənləşdirilməsi və xüsusi iqtisadi güzəştlərin tətbiqi ilə bağlı hüquqi normaların dəqiqləşdirilməsidir.