BAKI, 22 avqust. TELEQRAF

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi geniş müsahibə iki qardaş ölkə arasında münasibətlərin strateji mahiyyətinin və türk dünyasının gələcək inteqrasiya baxışının parlaq təzahürüdür. Müsahibədə ölkə başçımızın səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan və Özbəkistan hüquqi, siyasi və iqtisadi əsasları möhkəmləndirilmiş müttəfiqlik mərhələsinə daxil olublar.

Bu sözləri Teleqraf-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı deyib.

O qeyd edib ki, sözügedən münasibətlərin əsasını ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər təşkil edir:

“Məhz bu təməl üzərində son illərdə formalaşan yüksək etimad mühiti iki ölkənin əməkdaşlığını yeni məzmunda inkişaf etdirib. Cənab Prezident İlham Əliyevin xüsusi vurğuladığı kimi, Prezident Şavkat Mirziyoyevlə mövcud olan qarşılıqlı hörmət və səmimi qardaşlıq və dostluq dövlətlərarası əlaqələrin sürətlə inkişafında həlledici rol oynayıb.

Son beş ildə dövlət başçıları arasında 15 qarşılıqlı səfərin baş tutması münasibətlərin strateji xarakterini aydın nümayiş etdirir. Xüsusilə 2024-cü ildə ölkə başçımız Cənab İlham Əliyevin Özbəkistana, 2025-ci ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfərləri zamanı imzalanan "Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə" və "Müttəfiqlik münasibətləri haqqında Müqavilə" iki qardaş ölkələr arasındakı münasibətləri yeni mərhələyə yüksəldib. Bakıda və Daşkənddə keçirilən iclaslar bu əməkdaşlığın uzunmüddətli strateji planlaşdırmaya əsaslandığını təsdiq edir.

İqtisadi göstəricilər real nəticələri ortaya qoyur. 2025-ci ildə ticarət dövriyyəsinin üç dəfədən çox artaraq 795 milyon dollara çatması, 2026-cı ilin ilk aylarında artım tempinin davam etməsi iqtisadi inteqrasiyanın sürətlə dərinləşdiyini göstərir. 500 milyon dollarlıq Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti, sənaye əməkdaşlığı, avtomobil istehsalı və Füzulidə salınan "Dostluq bağı" kimi layihələr iqtisadi tərəfdaşlığın konkret göstəriciləridir.

Enerji sahəsində əməkdaşlıq xüsusi diqqət çəkir. Neft-qaz sektorunda yaradılan birgə müəssisələr, "Turan Energy AFEZCO" layihəsi və yaşıl enerji istiqamətində Azərbaycan, Qazaxıstan və Özbəkistanın yaratdığı "Yaşıl Dəhliz Birliyi" gələcəyin enerji təhlükəsizliyinə hesablanmış mühüm addımlardır.

Nəqliyyat və logistika sahəsində formalaşan əməkdaşlıq bütöv Avrasiya məkanının iqtisadi xəritəsini dəyişdirə biləcək potensiala malikdir. Orta Dəhlizin Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsi ilə inteqrasiyası Azərbaycanın Cənubi Qafqaz, Özbəkistanın Mərkəzi Asiya üçün tranzit mərkəzi rolunu daha da gücləndirəcək”.

Deputat vurğulayıb ki, dövlət başçımız cənab İlham Əliyevin müsahibəsində diqqət çəkən mühüm məqamlardan biri də işğaldan azad edilmiş ərazilərə Özbəkistanın verdiyi dəstəyin xüsusi minnətdarlıqla qeyd olunmasıdır:

“Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikilməsi və bərpa layihələrinə göstərilən dəstək qardaşlığın əməli addımlarla təsdiqləndiyini göstərir.

Mədəni-humanitar əməkdaşlıq Azərbaycan və Özbəkistan xalqlarını birləşdirən mənəvi bağların ən mühüm sütunlarındandır. "Şuşa Günləri", qarşılıqlı Mədəniyyət Günləri, Nizami Gəncəvinin adını daşıyan Özbəkistan Milli Pedaqoji Universiteti, Bakıda salınacaq "Özbəkistan" parkı və Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr doğmalıq simvoluna çevrilib.

Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq geniş məna kəsb edir. Azərbaycan və Özbəkistan üçün TDT ortaq tarixi irsin qorunması və türk dünyasının birliyinin möhkəmləndirilməsi ilə yanaşı, siyasi və iqtisadi inteqrasiyanın dərinləşdirilməsinə imkan yaradan mühüm strateji platformadır. Sözügedən yanaşma türk dünyasının qlobal miqyasda daha böyük söz sahibinə çevrilməsi və beynəlxalq proseslərdə rolunun gücləndirilməsi ilə bağlı ortaq baxışın ifadəsidir”.

Günay Ağamalı hesab edir ki, müsahibənin mühüm geosiyasi məqamlarından biri Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərində tamhüquqlu iştirakının vurğulanmasıdır:

“Öncələr “C5” kimi tanınan format günümüzdə “C6” əməkdaşlıq platformasına çevrilib. Bu, Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin sistemli və strateji xarakter daşıdığını nümayiş etdirir.

Prezident İlham Əliyevin müsahibəsi göstərir ki, Azərbaycan-Özbəkistan münasibətləri türk dünyasının inteqrasiyasını gücləndirən, Orta Dəhlizin iqtisadi potensialını artıran və Avrasiya məkanında yeni əməkdaşlıq modelini formalaşdıran strateji tərəfdaşlığın parlaq nümunəsidir. Qardaşlığımız ortaq keçmiş olmaqla, həm də birlikdə qurulan gələcəyin ən möhkəm siyasi sütunlarından birinə çevrilib.

Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və məqsədyönlü siyasət Azərbaycanın beynəlxalq nüfuzunu günü-gündən artırır, ölkəmizi yeni-yeni yüksəkliklərə ucaldır və dövlətimizin strateji mövqelərini daha da möhkəmləndirir”.