BAKI, 13 iyul. TELEQRAF
Azərbaycan Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin səsvermə hüququ bərpa olunmayacağı təqdirdə, ölkənin Avropa Şurasından çıxması məsələsi gündəmdə qala bilər.
Teleqraf xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada keçirilən IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı deyib.
Prezident bildirib ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səsvermə hüququnun əlindən alınmasından sonra ölkə nümayəndə heyəti qurumun işində iştirakını dayandırıb:
"Avropa Şurasından tam çıxmaq məsələsini ciddi şəkildə nəzərdən keçiririk. Avropa Şurasının Baş katibi Alen Berse bu addımın atılmamasını xahiş edib və vəziyyətin yaxşılaşdırılması üçün çıxış yolu tapılmasını istəyib".
İlham Əliyev vurğulayıb ki, Azərbaycanın AŞPA-ya qayıtması üçün ilk növbədə nümayəndə heyətinin səsvermə hüququ bərpa edilməlidir:
“Bu, onların qəbul etdiyi ədalətsiz qərardır və geri çəkilməli, səhvlərini etiraf etməlidirlər.”
Prezident əlavə edib ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasına könüllü qoşulub və o dövrdə təşkilatdan Qarabağ məsələsinin həllində dəstək gözləyirdi.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan Avropa Şurasından tam şəkildə çıxsa, ölkəmizdə heç kəs bunu hiss etməyəcək. Yəni burada çox şey dəyişməyəcək, bəlkə də bundan daha yaxşı olacaq.
“Biz toqquşmaya getmək istəmirik, xüsusən də nəinki Avropa Şurası Parlament Assambleyasına gəldikdə, o cümlədən Avropa Parlamentini götürsək. Yenə də deyirəm, onlar bizə qarşı belə əsassız addımlar atırlar. Onlar Azərbaycana bu qədər xüsusi bir qərəzlə yanaşırlar. Bu, onların hücumlarıdır və onların hamısı əsassızdır”, - deyə İlham Əliyev vurğulayıb.