BAKI, 22 may. TELEQRAF

Azərbaycanın ev sahibliyi etdiyi WUF13 çərçivəsində qəbul olunan sənədlərdə gələcəyin şəhərlərinin hansı prinsiplər üzərində qurulacağını müəyyən edən mühüm siyasi və humanitar baxışları əks etdirir. Sənədlərdə dayanıqlı inkişaf, insan mərkəzli şəhərsalma, ekoloji balans, sosial inklüzivlik və tarixi-mədəni irsin qorunması kimi məsələlər xüsusi yer alır Azərbaycan sözügedən istiqamətdə real nümunə ortaya qoyan dövlətdir.

Teleqraf xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı deyib.

O qeyd edib ki, bu gün qlobal urban gündəliyin formalaşmasında Azərbaycanın rolu açıq şəkildə görünür:
"Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dünyada müasir quruculuq modeli ilə seçilən ölkələrdən birinə çevrilib. WUF13 çərçivəsində aparılan müzakirələr də göstərdi ki, ölkəmizin təcrübəsi nümunə kimi öyrənilir və bu təcrübəyə maraq artır. Azərbaycanın təcrübəsində şəhərsalma milli kimliyin, sosial rifahın, ekoloji yanaşmanın və insan amilinin vəhdəti öz əksini tapır".

Deputat bildirib ki, işğaldan azad olunmuş ərzailərdə həyata keçirilən layihələr adıçəkilən yanaşmanın ən real göstəricisidir:
"Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma prosesi dünyanın diqqətlə izlədiyi böyük quruculuq layihəsidir. "Ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqi, yaşıl enerji zonalarının yaradılması, müasir infrastrukturun qurulması və eyni zamanda tarixi irsin qorunması Azərbaycanın strateji və gələcəyə hesablanmış siyasət həyata keçirdiyini nümayiş etdirir. Bu gün dünya Azərbaycanın timsalında dağıntıdan inkişaf yaradan, müharibədən sonra quruculuq modelini dövlət siyasətinə çevirən nümunə görür".

Günay Ağamalı vurğulayıb ki, WUF13 platformasında Azərbaycanın təqdim etdiyi yanaşma siyasi iradənin və güclü liderliyin nəticəsidir:
"Dövlət başçımızın liderliyi ilə Azərbaycan qlobal miqyasda etibarlı inkişaf və quruculuq nümunəsinə çevrilib. Günümüzdə Bakıda müzakirə olunan bir çox məslələr artıq Qarabağ və Şərqi-Zəngəzurda tətbiq edilir. Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır və ölkəmizi qlobal urban siyasətinin fəal iştirakçılarından birinə çevirir".