BAKI, 3 aprel. TELEQRAF
"Aprel döyüşləri Azərbaycanın müasir hərb tarixinə qələbəyə gedən yolun ilk böyük müjdəçisi və sarsılmaz iradəmizin nümayişi kimi həkk olundu. 2016-cı ilin o bir neçə günü ərzində ordumuz illərdir formalaşmış "məğlubedilməz erməni ordusu" mifini darmadağın edərək, xalqımıza torpaqlarımızın azad edilməsinin an məsələsi olduğu inamını qazandırdı. Dünən Lələtəpə və Cocuq Mərcanlıda dalğalanan bayrağımız, bu gün artıq Şuşanın, Xankəndinin və Kəlbəcərin ən uca zirvələrindədir”.
Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı deyib.
O qeyd edib aprel döyüşləri həm də Azərbaycan əsgərinin döyüş ruhunun, texnoloji üstünlüyünün və vətən sevgisinin sınağı idi ki, ordumuz bu sınaqdan alnıaçıq çıxaraq gələcəkdəki böyük Zəfərin təməl daşlarını atdı:
“Bu gün Azərbaycan ordusu regionun ən güclü, dünyanın isə sayılan hərbi güclərindən biri hesab olunur. 44 günlük Vətən müharibəsində və ondan sonrakı antiterror tədbirlərində tətbiq edilən taktiki yeniliklər, müasir PUA-ların idarəedilməsi və peşəkar kəşfiyyat sistemləri hazırda aparıcı dünya dövlətlərinin hərbi akademiyalarında xüsusi fənn kimi tədris edilir. Dünən torpaqları işğal altında olan bir ölkənin ordusu kimi tanınırdıqsa, bu gün öz ərazi bütövlüyünü və suverenliyini təkbaşına bərpa etmiş, sülhü və təhlükəsizliyi təmin edən müzəffər bir qüvvəyə çevrilmişik. Bu ordu sadəcə silah-sursatla deyil, həm də sarsılmaz intizam və yüksək mənəvi hazırlıqla dünyanı özünə heyran qoymağa davam edir”.

Günay Ağamalı vurğulayıb ki, dövlətimizin bu hərbi uğurlarının arxasında duran ən mühüm amil isə cənab Prezident İlham Əliyevin dünyada günü-gündən artan siyasi nüfuzu və qətiyyətli diplomatiyasıdır:
“Ölkə başçısı həm döyüş meydanında, həm də beynəlxalq tribunalarda Azərbaycanın haqlı səsini ən yüksək səviyyədə müdafiə edərək, milli maraqlarımızı hər şeydən üstün tutur. Bu gün dünya siyasətində İlham Əliyevin imzası sözü ilə əməli bir olan, prinsipial və uzaqgörən bir liderin imzası kimi qəbul edilir. Onun rəhbərliyi ilə Azərbaycan Qoşulmama Hərəkatı kimi nəhəng platformalara liderlik edir, Avropanın enerji təhlükəsizliyində əvəzedilməz tərəfdaş olmaqla yanaşı, qlobal problemlərin həllində mühüm söz sahibinə çevrilir. Dünənki "münaqişə tərəfi" statusu bu gün yerini regionun taleyini müəyyən edən strateji mərkəz statusuna buraxıb ki, bu da birbaşa dövlət başçısının yürütdüyü müstəqil və cəsarətli siyasətin parlaq nəticəsidir”.