BAKI, 31 dekabr. TELEQRAF
2025-ci il ölkəmiz üçün bütün sahələrdə dinamik inkişaf, siyasi nüfuzumuzun yüksəlməsi, iqtisadi sabitliyin möhkəmləndirilməsi, sosial rifahın gücləndirilməsi və dövlət idarəçiliyində institusional islahatların dərinləşdirilməsi baxımından mühüm mərhələ kimi yadda qaldı.
Bu sözləri Teleqraf-a Milli Məclisin deputatı Günay Ağamalı deyib.
O qeyd edib ki, bu ilin ən əlamətdar hadisəsi 8 avqust Vaşinqton görüşü oldu. ABŞ, Azərbaycan, Ermənistan liderlərinin iştirakı ilə Bakı və İrəvan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazın siyasi konfiqurasiyanda dönüş nöqtəsi idi: “Bu tarixi razılaşmadan sonra iki ölkə arasında ilk dəfə etimad mühitinin formalaşmasının şahidi oluruq. Təbii ki, mövcud müsbət tendensiyanın memarı məhz cənab Prezident İlham Əliyevdir.
Dövlət rəhbərimizin uzaqgörən siyasəti nəticəsində ölkəmiz regional proseslərdə xüsusi fəallıq nümayiş etdirdi, ABŞ və Çin kimi qlobal güclərlə dövlətlərarası münasibətlərdə yeni mərhələyə keçid etdi.
Eyni zamanda, qlobal iqtisadi qeyri-müəyyənliklərə baxmayaraq, ölkəmizdə makroiqtisadi tarazlıq qorunub saxlanıldı, strateji valyuta ehtiyatları artdı və qeyri-neft sektorunun payı yüksəldi.
İlin gedişində sosial yönümlü siyasət prioritet olaraq qaldı. Əməkhaqqı və sosial ödəniş mexanizmlərinin təkmilləşdirilməsi, ailə institutunun möhkəmləndirilməsinə yönələn qərarlar və məşğulluq imkanlarının genişləndirilməsi əhalinin sosial müdafiəsini daha da gücləndirdi. Regionların inkişafı və işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq davam etdirildi”.

Deputat hesab edir ki, Prezident İlham Əliyevin uzaqgörən və praqmatik rəhbərliyi ilə 2025-ci ildə həyata keçirilən islahatlar Azərbaycanın milli maraqlara əsaslanan müstəqil siyasət kursunun növbəti dəfə öz doğruluğunu təsdiqlədi: “Dövlət başçımızın strateji baxışı nəticəsində enerji təhlükəsizliyi, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, beynəlxalq tərəfdaşlıqların möhkəmləndirilməsi və postmünaqişə dövründə Böyük Qayıdış prosesinin sürətləndirilməsi təmin olundu. Ölkə rəhbərimiz Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi ölkəmizin regional liderliyini daha da gücləndirdi və Azərbaycanın beynəlxalq nüfuzunun artmasına mühüm töhfə verdi.
Enerji təhlükəsizliyi, nəqliyyat və logistika layihələri, eləcə də beynəlxalq əməkdaşlıq sahəsində atılan ardıcıl addımlar Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirdi. Bu istiqamətdə əldə olunan nəticələr ölkənin uzunmüddətli inkişaf strategiyasının uğurla icra olunduğunu göstərir.
Sülh gündəliyinə baxmayaraq ordu quruculuğu prosesində də əhəmiyyətli irəliləyişlər qeydə alındı. Tarixi Zəfərimizin 5 illiyinə həsr olunmuş təntənəli parad Silahı Qüvvələrimizin, güc strukturlarımızın gücləndirilməsinin nümayişi idi.
Ümumilikdə, 2025-ci ilin yekunları sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət Azərbaycanın dayanıqlı inkişaf yolunda inamla irəliləməsinə möhkəm zəmin yaradıb. Qarşıdakı dövrdə də sosial rifahın yüksəldilməsi, milli maraqların qorunması və dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində bu kursun uğurla davam edəcəyinə əminik”.