BAKI, 23 sentyabr. TELEQRAF
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb.
Teleqraf xəbər verir ki, İraq Prezidenti dövlətimizin başçısına Ermənistan ilə Azərbaycan arasında sülh gündəliyinin irəli aparılması, xüsusilə Vaşinqtonda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair sazişin paraflanması münasibətilə təbriklərini çatdırıb.
Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirib və Azərbaycanın bundan sonra da sülh gündəliyinin irəli aparılması üçün səylərini davam etdirəcəyini deyib. Dövlətimizin başçısı Vaşinqtonda nəticələrin əldə edilməsində ABŞ Prezidenti Donald Trampın xüsusi rolunu vurğulayıb.
Söhbət zamanı İraq Prezidentinin Azərbaycana səfərləri və Prezident İlham Əliyevlə keçirdiyi görüşlər məmnunluqla xatırlanıb.
Görüşdə Azərbaycanla İraq arasında münasibətlərin inkişaf etdirilməsində Hökumətlərarası Komissiyanın roluna toxunuldu, enerji, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Həmçinin ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər təsisatlar çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
***
21:01
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb.