BAKI, 13. TELEQRAF

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə keçirilən görüş olduqca önəmlidir. Bu sülh müstəvisində irəliyə doğru atılan mühüm addımladan biri hesab edilir. Sözsüz ki, heç bir vasitəçi olmadan, yalnız ikitərəfli formatda baş tutan bu görüşün əhəmiyyəti də xüsusi ilə qeyd edilməlidir. Üçüncü tərəfin iştirakı olmadan baş tutan bu görüşün verdiyi mesajlar da təsirlidir.

Bu sözləri Teleqraf-a Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.

Professor bildirib ki, Bakı və İrəvan növbəti dəfə heç bir vasitəçi olmadan məsələlərin qarşılıqlı olaraq müzakirəsinin mümkünlüyünü nümayiş etdirib: “Azərbaycan tərəfinin təşəbbüsü və təklifi ilə baş tutan birbaşa görüşlərin müsbət nəticələri var. Buna misal olaraq sərhədlərin delimitasiyası istiqamətində əldə edilən nəticələr, sülh mətni üzərində əldə olunan razılaşmanı göstərmək mümkündür. Təbii ki, görüş yeri kimi Birləşmiş Ərəb Əmirliklərinin seçilməsi də heç də təsadüfi deyil. BƏƏ Azərbaycan və Ermənistanla normal münasibətlərə malikdir. Bu ölkə Azərbaycanla Ermənistan arasında baş verənlərlə bağlı hər zaman neytral mövqe sərgiləyib. Azərbaycanın görüş yeri kimi Birləşmiş Ərəb Əmirliklərini seçməsi də bu amillərlə izah olunur. Birləşmiş Ərəb Əmirlikləri də Azərbaycanla Ermənistan liderləri arasında baş tutan görüşdə tərəf kimi çıxış etməyib. Əbu-Dabi ancaq özünün dostluq və tərəfdaşlıq mövqeyinə əsaslanaraq sadəcə, görüş üçün şəraiti və mühiti təmin edib”.

Deputat hesab edir ki, Azərbaycanla Ermənistan arasında üçüncü tərəf yəni, sülh və danışıqlar üçün vasitəçiyə ehtiyac yoxdur: “Qarşılıqlı olaraq bir çox məsələlərin həll olunması ən optimal variantdır. Sülh müqaviləsinə gedən yolda önəmli addımlardan olan Əbu-Dabi görüşü də təsirlidir. Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında baş tutan ikitərəfli görüşdə də vacib məsələlər üzərində razılıq əldə olunub. Görüşdə əldə edilən razılıq fonunda sərhədlərin delimitasiyası prosesi ilə bağlı əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar verilib. Kommunikasiya xətlərinin açılması və dövlətlərarası münasibətlərin normallaşdırılması ilə bağlı razılaşmalar mövcuddur”.

Eldar Quliyevin fikrincə, Azərbaycanla Ermənistan arasında Əbu-Dabi görüşündə əldə edilən razılaşmalar sülh quruculuğu prosesində mühüm mərhələdir: “İndiyə qədər Azərbaycanla Ermənistan arasında sülh danışıqları fərqli platformalarda və daha çox üçüncü tərəflərin iştirakı ilə baş tutub. Tərəflər arasında ABŞ, Avropa İttifaqı və Rusiyanın vasitəçiliyi ilə müzakirələr aparılıb. Sözsüz ki, bu məsələdə üçüncü tərəfin iştirakı onun da proseslərdə öz maraqlarını ifadə etməsi imkanı yaradır. Əbu-Dabidə isə Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar məhz ikitərəfli formatın daha uğurlu, effektiv olduğunu təsdiq etdi. Azərbaycan bölgədə qalıcı və etibarlı sülhün tərəfdarıdır. II Qarabağ müharibəsindən sonra Ermənistana sülh təklifi də Azərbaycan tərəfindən edilib. Rəsmi Bakı bölgədə kommunikasiya xəttlərinin açılmasını, regional iqtisadi əməkdaşlığın formalaşmasını təşviq edir. Prezident İlham Əliyevin irəli sürdüyü konsepsiya bütövlükdə Cənubi Qafqazda sülhə, təhlükəsizliyə və əməkdaşlığa hədəflənib”.