BAKI, 7 aprel. TELEQRAF

"İkinci Qarabağ müharibəsindəki tarixi qələbədən sonra Azərbaycanın siyasi sisteminin fəlsəfəsi dəyişib. Ölkədə iqtidar-müxalifət münasibətləri artıq tarixdə qalmış Qarabağ mövzusu üzərindən müəyyənləşmir. Vaxtilə cəmiyyətdə insanların siyasi təfəkkürü və onların hansı istiqamətə yönəlməsi bu amillərlə şərtlənirdi".

Bu sözləri Teleqraf-a Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu siyasi dialoqla bağlı mövzudan bəhs edərkən deyib.

Onun fikrincə, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yarandıqdan sonra ölkədə bu istiqamətdə vəziyyət dəyişib: “Azərbaycan Prezidentinin siyasi sistemə baxışlarının cəmiyyətə ötürülməsində bu şöbə mühüm rol oynayıb. Siyasi sistemdəki müxtəlif siyasi partiyalarla intensiv dialoq aparılaraq hakim Yeni Azərbaycan Partiyasının sədrinin, ölkə Prezidenti İlham Əliyevin baxışları onların diqqətinə çatdırılıb. Bununla da çox maraqlı dialoq mühiti formalaşmağa başlayıb. 44 günlük müharibə və ondan sonrakı dövrdə bu proses özünün strateji nəticələrini verib”.

Deputat əlavə edib ki, Azərbaycanın siyasi sistemi vahid yumruq ətrafında birləşdi: “Tarix sübut etdi ki, bu birlik milli gücümüzü daha da artırır. Hazırda ölkəmizdə siyasi dialoq davam etməkdədir. 2024-cü ildə keçirilən parlament seçkilərində də bu proses özünü təsdiq etdi. Parlamentdə təmsil olunan siyasi partiyaların sayı 10-a çatdı. Bütün bunlar isə dialoq mühitinin məhsuludur. Sadəcə iki partiya AXCP və Müsavat bu prosesdən özlərini təcrid edərək, cəmiyyətin autsayderinə çevrildilər. Onların bu inkarçı mövqeyi isə hər iki partiyanın ciddi şəkildə zəifləməsinə səbəb oldu. Bütün bunların fonunda Azərbaycanın siyasi sistemi qazandı”.

ReAl Partiyasının sədri Natiq Cəfərli bildirib ki, Azərbaycanda siyasi dialoq mövcuddur.

Partiya sədri hesab edir ki, dialoqun olması çox yaxşıdır: “Siyasətçilərin işi danışmaqdır. Hətta əks qütblərdə ölkələr belə danışa bilirlər. Dünyada bir-birinə zidd olan siyasi partiyalar da müzakirələrdən imtina etmir. Azərbaycanda da iqtidar-müxalifət dialoqunun olmaması arzuolunmaz olardı. Biz niyə öz aramızda danışmamalıyıq ki? Buna etiraz edənlərin də məntiqini anlaya bilmirəm? Biz də istərdik ki, bu dialoqun, təmasların real təmasların bir xətti olsun. Qanunvericilik bazasının dəyişdirilməsi, isalahatların dərinləşdirilməsi ilə bağlı müzakirələrin daha çox təsirinin olmasını istəyirik”.

O qeyd edib ki, iqtidar nümayəndələri ilə hər görüşdə öz təkliflərimizi və fikirlərimizi bildiririk: “Bunun da effektiv olacağını, gələcəkdə daha çox Azərbaycan dövlətinin və xalqının rifahına xidmət edəcəyinə inanırıq”.

Müsavat Partiyasının Məclis sədri Arif Hacılı isə təmsil etdiyi partiyanın siyasi dialoqla bağlı mövqeyinin sabit olduğunu deyib.

O, Azərbaycanın milli mənafelərinə aid olan məsələlər ətrafında iqtidar nümayəndələri ilə müzakirələrə hazır olduqlarını bildirib: “44 günlük Vətən müharibəsi dövründə hakimiyyət nümayəndələri ilə bəzi təmaslarımız oldu. Müsavat Partiyası Qarabağ müharibəsi ilə əlaqədar öz təkliflərini irəli sürdü. Bu təkliflər iqtidar tərəfindən müsbət qarşılandı, qəbul edildi və həyata keçirildi”.

Arif Hacılıya görə, Azərbaycan siyasi sisteminə ən yaxın nümunə Türkiyə ola bilər: “Təbii ki, ölkələr arasında situasiyalar tamam fərqlidir. Amma buna baxmayaraq, siyasi partiyaların maliyyələşməsi, dialoq və digər nümunələrə müəyyən dərəcədə istinad edilə bilər”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzi siyasi fəaliyət və dialoqla bağlı yanaşmaların birmənalı olduğu iddiasındadır.

Sədr müavini siyasi dialoqla bağlı bəzi partiyaların nə söyləməsindən asılı olmayaraq, bu iddianın əksinə kiməsə tək-tək cavab vermək niyyətində olmadıqlarını deyib: “Avropa Şurasının, Venessiyası Komissiyasının və Azərbaycan Konstitusiyasının siyasi fəaliyyətlə bağlı meyarları var. Məhz bu şərtlər üzərində siyasi fəaliyyətin təminatı fonunda digər məsələlərlə yanaşı, dialoqun da olması mümkündür”.

Azərbaycan Xalq Partiyasının sədri (AXP) Pənah Hüseyn isə 2019-cu ildən sonra ölkədə siyasi dialoqla bağlı atılan addımlara diqqət çəkib.

Partiya sədri Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin xətti ilə müəyyən təmasların olduğunu bildirib: “Bu istiqamətdə iqtidarla müxalifət arasında müəyyən kommunikasiya var və bir neçə tədbir keçirilib. Bunun inistitutlaşmasına ehtiyac var, konkret predmet olmalıdır. Son tədbirdə yeni konstitusiyanın hazırlanması, çoxpartiyalı siyasi mühitin təkmilləşdirilməsi ilə bağlı təkliflər səsləndirmişik. Çünki konkret məsələlər ətrafında dialoqun aparılması daha effektiv olar”.

O əlavə edib ki, kommunikasiyaların qurulmasının mahiyyəti müəyyənləşməlidir: "Qeydiyyata alınmış bütün siyasi partiyaların ucdantutma siyasi müxalifət kimi qələmə verilməsi qarışıqlıq yaradır. Bunu birmənalı olaraq iqtidar-müxalifət dialoqu kimi qələmə vermək də doğru deyil. Elə partiyalar var ki, özlərini hakimiyyətə müxalifət hesab etmir və iqtidarın siyasi kursunu dəstəkləyir və bunu özləri də bəyan edib. Ona görə də bu siyasi partiyalar və hakimiyyət arasında dialoq kimi qiymətləndirilməlidir”.