
Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyero "Teleqraf" İnformasiya Agentliyinin suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Xanım səfir, Meksika və Azərbaycan arasında əməkdaşlığı, o cümlədən siyasi münasibətləri necə dəyərləndirirsiniz? İki ölkə arasında əlaqələrin genişləndirilməsi və yeni mərhələyə keçilməsi üçün hansı imkanlar var?
- Ölkələrimiz arasında əlaqələr ən yaxşı dönəmlərindən birini yaşayır. Bir neçə gün öncə diplomatik münasibətlərimizin 33 illiyi, keçən ilin oktyabr ayında isə Səfirlik vasitəsilə Meksikanın Azərbaycanda təmsil olmağının 10 illiyini qeyd etdik.
Siyasi dialoq baxımından əlaqələrimizin möhkəmlənməsinə töhfə verəcək bir sıra layihələrin astanasındayıq, həmçinin, əməkdaşlığımızın yeni yollarını kəşf etməyə imkan verən hüquqi bazanın genişləndirilməsi nəzərdə tutulub. Rəsmilərin qarşılıqlı səfər mübadiləsi gözlənilir ki, bu da ölkələrimiz arasında siyasi məsləhətləşmələr mexanizminin 4-cü mərhələsinin keçirilməsi üçün danışıqların başlayacağı deməkdir. Bu dəfə belə əhəmiyyətli görüşün Bakıda keçirələcəyi planşadırılır ki, bunun üçün də son iki il ərzində gördüyümüz işin nəticəsini heyət rəhbərlərinə təqdim etmək üçün inamla çalışırıq.
- Meksika və Azərbaycan parlament səviyyəsində əməkdaşlıq edirmi?
- Bəli. Parlamentlərarası iş münasibətlərin gücləndirilməsinə mühüm töhfə verib. 2024-cü ildə Meksika və Azərbaycanda qanunverici orqanlara seçkilər keçirilib və nəticədə yeni dostluq qrupları formalaşıb.
Yeri gəlmişkən, Azərbaycan-Meksika parlamentlərarası işçi qrupunun sədri vəzifəsinə millət vəkili Jalə Əliyevanın yenidən seçilməsi və qrup üzvlərinin təyin olunması münasibətilə bir daha təbriklərimizi çatdırırıq.
Meksika Konqresi Azərbaycanla əlaqəli mövzuların aparılması üçün müvafiq qrupu təyin edəcək və Meksika tərəfindən bu mexanizmə kimlərin rəhbərlik edəcəyini yaxın zamanlarda tanıyacağımıza ümidvarıq. Bundan əlavə, qeyd etmək vacibdir ki, keçən ilin noyabr ayında keçirilmiş İqlim Dəyişiklikləri haqqında Birləşmiş Millətlərin Konfransı çərçivəsində gələn Meksika heyəti tərkibində millət vəkilləri qrupu da yer alıb və onların millət vəkili Jalə xanım Əliyeva ilə görüşü baş tutub. Yaşıl gündəlik və Meksika ilə əməkdaşlıq prioritetləri nöqteyi-nəzərdən əhəmiyyətli mövzular haqqında ideyaların mübadiləsi baxımından məhsuldar bir görüş oldu.
- İki ölkə arasında hərbi əməkdaşlıq mümkündürmü?
- Hazırda bu sahədə əməkdaşlığı genişləndirməyə imkan verəcək hüquqi alət Meksika və Azərbaycanın Müdafiə Nazirlikləri tərəfindən müzakirə olunur. Zamanında bu mövzuda olan irəliləyişlər barədə məlumat verəcəyəm.
- Meksikanın Azərbaycan-Ermənistan sülh prosesinə münasibəti necədir?
- Diplomatik münasibətlərin normallaşması və sülh sazişinin imzalanması məqsədilə hər iki ölkə arasında aparılan danışıqları Meksika yaxından izləyir. Müxtəlif ölkələrə yüksək səviyyəli rəsmilərin həyata keçirdiyi səfərlər vasitəsilə danışıqların inkişafı barədə Azərbaycanın beynəlxalq ictimaiyyəti məlumatlandırmaq səylərini qeyd edirik. İrəliləyişləri diqqətlə izləyəcəyik.
- Sizin ölkənin Cənubi Qafqazda əsas marağı nədən ibarətdir?
- Qafqaz Asiya, Avropa və Orta Şərqi özündə ehtiva edən təkrarsız coğrafi yerləşməsinə görə maraq doğuran ərazidir. Təchizat zənciri üçün çox əhəmiyyətli tranzit məkan olduğundan onun strateji dəyərini tanıyırıq. Logistika baxımından iddialı infrastruktur layihələri böyük imkanlı logistik alternativləri təqdim edir: misal üçün, Bakı-Tiflis-Ceyhan neft kəməri və Cənubi Qafqazı Avropa ilə birləşdirən qaz kəməri (SCP).
Meksika üçün Azərbaycan Qafqazın böyük imkanlara malik olan ölkəsidir. Ölkənin ixrac edə biləcək enerji sərvətləri və artıq qeyd etdiyim kimi, əlverişli yerləşməsi var, bununla da ölkə Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyaya doğru böyük əhəmiyyət kəsb edən logistik qovşağa çevrilib. Bu aspektlərdən bir çoxları Meksika Prezidentinin Meksika Planı kimi tanınan strategiyası tərəfindən irəli sürünür və məqsəd ölkəni iqtisadi inkişaf, sosial bərabərlik və dəgir mövzularda regionun lideri kimi möhkəmləndirmək, eyni zamanda, prezidentlik dövrünün altıncı ilinin tamamında ölkə iqtisadiyyatını dünya onluğunda qərarlaşdırmaqdır.
- Xanım səfir, Azərbaycan və Meksika arasında iqtisadi əməkdaşlığın səviyyəsindən razısınızmı?
- Son illərdə iqtisadi əməkdaşlıqda müəyyən irəliləyişlərin olmasına baxmayaraq, ticari əlaqələri gücləndirmək və mübadilə imkanlarından tam şəkildə yararlanmaq üçün hələ də böyük potensial var.
2024-cü ildə ikitərəfli ticarət 239.2 milyon dollara çatıb, bu da əvvəlki il ilə müqayisədə 341.9% faiz, Səfirliyin Bakıda açıldığı 2014-cü il ilə müqayisədə isə 3,222.2% artım deməkdir. Hazırda Meksika Azərbaycanın Latın Amerikasındakı əsas ticari tərəfdaşıdır. Şübhəsiz, Meksikanın Latın Amerikasında ikinci ən böyük iqtisadiyyatı və dünya üzrə əsas ixracatçılardan biri olmağını nəzərə alaraq daha böyük sinergetikaları inkişaf etdirə bilərik.
Qafqazdakı strateji yerləşməsi və təbii sərvətlər zənginliyi olan Azərbaycanın enerji kimi əsas sektorlarla birgə inkişafda olan iqtisadiyyatı var. Azərbaycanın həyata keçirdiyi iqtisadi diversifikasiya siyasəti çərçivəsində Meksika özünün sənaye gücü, strateji sektorların inkişafında təcrübəsi (istehsal, avtomobil və kənd təsərrüfatı sənayeləri), həmçinin beynəlxalq ticarət sazişlərinin geniş şəbəkəsində iştirakına görə ticari tərəfdaş kimi vacib rol oynaya bilər.
- İki ölkənin qarşılıqlı ticarət imkanlarından tam istifadə olunurmu?
- Müəyyən edilmiş ticari imkanlardan hələ ki tam olaraq istifadə olunmayıb. Belə vəziyyətin səbəblərindən biri coğrafi məsafə, hər iki ölkənin bazarları haqqında qarşılıqlı biliklərin əskikliyi, mal və xidmətlər mübadiləsini asanlaşdıracaq xüsusi ticari sazişlərin olmamasıdır. Buna baxmayaraq, iqtisadi əməkdaşlığı gücləndirməyə dair artan maraq mövcuddur. Hazırda ticari imkanlardan daha yaxşı yararlanmaq üçün Meksika və Azərbaycanın iş adamları icmaları arasında münasibətlərin genişləndirilməsi prosesindəyiq.
Məqsədimiz qarşılıqlı iş adamları missiyaları, asosiasiyalar arasında əlaqələri, ticarət sərgilərində iştirakı həvəsləndirmək, logistik bağlantılara təkan vermək, mal və xidmətlər mübadiləsini asanlaşdıracaq sazişləri müəyyənləşdirməkdir.
- Meksika Azərbaycandan, Azərbaycan Meksikadan nə alır?
- İkitərəfli ticarətin əsas elementləri energetika və maşınqayırma sənayesi məhsulları, yeyinti məhsullar və içkilərdir. Azərbaycan tərəfindən idxal olunan əsas Meksika məhsulları avtomobillər, neft-qaz sənayesi üçün nasos-kompressor boruları, alkoqollu içkilər, xüsusən də yerli istehlakçılar arasında məşhurlaşan tekila və mezkaldır. Eyni zamanda, noxud və avokado kimi kənd təsərrüfatı məhsulları da ixrac olunur. Meksikanın Azərbaycandan əsasən idxal etdiyi alüminium təbəqə və zolaqlar, qaz turbinləri, çap maşınları, polimerlər və plastik məhsullardır.
- Meksika şirkətləri işğaldan azad olunan Qarabağ bölgəsinə sərmayə qoya qoya bilərmi?
- Bu qərarı Meksika şirkətləri öz biznes planlarına əsasən qəbul etməlidirlər. Hesab edirik ki, Meksika şirkətlərinin imkanlar tapa biləcəkləri bəzi sektorlar mövcuddur. Tikinti və infrastruktur sahəsinə gəldikdə, bəzi şirkətlər yolların, yaşayış binalarının və şəhər mərkəzlərinin inşasında iştirak edə bilər. Enerji sektoruna gəldikdə isə bərpaolunan enerji mənbələri layihələrin inkişafı günəş və külək enerjisində ixtisaslaşmış Meksika şirkətlərini cəlb edə bilər. Həmçinin, aqrar sənayedə də potensial mövcuddur.
Digər maraq doğuran sahə isə turizmdir, eyni zamanda, eko-turizm və otel inkişafı üçün potensialı da qeyd edirik. Fürsətdən istifadə edərək Azərbaycan şirkətlərini sərmayə istiqaməti kimi Meksikanın təklif etdiyi geniş imkanları kəşf etməyə dəvət etdirəm. Dayanıqlı daxili bazarı, müxtəlif ticari sazişlərə imtiyazlı keçidi və inkişaf etmiş infrastrukturla biz Latın Amerikasının ən dinamik iqtisadiyyatlarından biriyik.
Azərbaycan şirkətləri üfüqlərini genişləndirmək üçün Meksikada strateji tərəfdaş tapacaqlar. Artıq qeyd etdiyim kimi, Prezident Klaudiya Şeinbaum tərəfindən təqdim olunan Meksika Planı 2 min xüsusi layihələrə yönlənən 277 milyard dollar yerli və xarici sərmayə nəzərdə tutub. Buraya açar sektorlar olan yüngül sənaye, avtomobil sənayesi, farmakolojı sektor, kosmik sənaye, aqrosənaye və elektromobillik sahəsi daxildir.
- Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfər etmisinizmi? Əgər dəvət gəlsə bunu necə dəyərləndirərsiniz?
- Bəli, Azərbaycan Hökümətinin nəzakətli dəvəti sayəsində ölkənin bir neçə regionuna səfər etmək imkanım oldu. Yeri gəlmişkən, keçən ilin sentyabr ayında Meksika Müstəqilliyinin İldönümü münasibətilə mərasimi Şuşa şəhərində təşkil etmişik. Niyyətimiz musiqi və rəqs vasitəsilə ölkələrimiz üçün mədəniyyətin vacibliyini nümayiş etdirmək idi. Şəhər sakinlərinə əlvan milli geyimli azərbaycanlı gənclərin ifasında folklor rəqs, həmçinin Azərbaycan musiqi aləti olan kamançada əsər təqdim olundu. Mədəniyyətimizə dəyər verən minilliklər xalqlara mənsubuq və Meksika mədəniyyətini Azərbaycanın hər güşəsinə çatdıracayıq.
- Meksikada Latın Amerikasının ən böyük günəş elektrik stansiyasının tikintisi layihəsi mövcuddur. Bu sahədə Azərbaycanla nə kimi ortaq layihə həyata keçirilə bilər?
- Siz Sonora Planını qeyd edirsiz. Bu, ölkə şimalında yerləşən Sonora ştatının təmiz enerji və yüksək texnologiyalı istehsalın əsas mərkəzinə transformasiyasına yönəlmiş bir təşəbbüsdür. Burada əsas diqqət günəş enerjisi ilə litiumun davamlı istismarı və yarımkeçiricilərin istehsalına yönələcək. Planda ölkənin enerji keçidinə töhfə vermək və davamlı iqtisadi inkişafı təbliğ etmək məqsədilə iş yerlərinin yaradılması və infrastrukturun möhkəmləndirilməsi nəzərdə tutulub.
Bu xüsusda, hər iki ölkə üçün bərpaolunan enerjinin artan əhəmiyyətini nəzərə alaraq, Meksika ilə Azərbaycan arasında əməkdaşlıq araşdırıla bilər. Sonora Planında Latın Amerikasında ən böyük günəş elektrik stansiyasının inşası da var ki, bu, Meksikanın təmiz enerji ilə bağlı öhdəliyini və irimiqyaslı layihələrin həyata keçirmək bacarığını bir daha önə çəkir. Azərbaycan, öz növbəsində, enerji matrisinin şaxələndirilməsinə başlamışdır və mədən yanacaqlardan asılılığı azaltmaq üçün bərpaolunan enerji mənbələri, ələlxüsus da, günəş enerjisinin inkişafına dair böyük maraq göstərməkdədir.
Günəş və külək enerjisinin istehsalı üçün Azərbaycanın iqlimi əlverişli olduğundan yaşıl layihələrdə əməkdaşlıq imkanlarını kəşf etməyin mümkün olduğunu düşünürəm. Boyük günəş enerji stansiyaların və külək qeneratorlarının inşası və idarə olunmasında olan geniş təcrübə ilə Meksika şirkətləri Azərbaycana, xüsusən də infrastukturun optimizasiyası və effektiv texnologiyalardan istifadə baxımından əhəmiyyətli töhfələr verə bilər.
- Azərbaycanın Sakit Okean Alyansına töhfəsini necə qiymətləndirirsiniz?
- Azərbaycan Latın Amerikasına dair marağı olan bir ölkədir və bu xalqlarla əlaqələrin möhkəmləndirilməsinə töhfə verməkdə şübhə etmir. Bu birliyi biz hər gün Bakıda nümayiş etdiririk, belə ki, Çili, Kolumbiya və Meksika Səfirliklərinin ofisləri eyni mərtəbəni bölür.
- BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını necə dəyərləndirdiniz? Bakıda qəbul edilmiş öhdəliklər və qərarların icrası ilə bağlı Meksika tərəfi nə düşünür?
- Logistik nöqteyi nəzərdən mükəmməl təşkilatçılığa görə COP29 Sədrlik və Sekretariat üzvlərini təbrik etmişəm. Minlərlə insanın səfəri müəyyən çətinliklər yaradır və onların hamısı qüsursuz formada həll olunub. Qərar və öhdəliklərə gəldikdə, nəzər almalıyıq ki, proses Azərbaycanın sədrliyi ilə idarə olunduğuna baxmayaraq, qərarlar Konvensiya üzvləri tərəfindən qəbul edilir.
İqlim Maliyyəsi haqqında Yeni Kollektiv Kəmiyyət Məqsədinə (NCQG) gəldikdə, inkişaf etmiş ölkələr 2035-ci il üçün illik maliyyələşməni üçqat artıraraq 300,000 milyon dollara çatdırılmasını razılaşdırdılar. Meksika bu məbləğin yumşalma və adaptasiya baxımından, eyni zamanda iqlim dəyişikliyindən irəli gələn zərər və itkiləri qarşılamaq üçün inkişafda olan ölkələrin ehtiyaclarının ödənilməsi üçün kifayət olmadığını vurğuladı və tələb olunan 1.3 milyard dollar hədəfi üçün işləməyi rica etdi.
Digər tərəfdən, Paris Sazişi çərçivəsində kredit mexanizmi və karbon bazarının qaydaları on ildən sonra qəbul edildiyinə görə təbriklərimizi ifadə edirik. Eyni zamanda, iqlim hərəkəti üçün gender bərabərliyinin əhəmiyyətini bir daha təsdiq edərək, növbəti 10 il üçün Gender və İqlim Dəyişikliyi haqqında təkmilləşmiş Lima İş Proqramını genişləndirən gender və iqlim dəyişikliyi barədə qərarın qəbul edilməsini vurğulayırıq.
Meksika Azərbaycan sədrliyinin təqdim etdiyi bir sıra təşəbbüslərə qoşulub: Orqanik tullantıların metan azaldılması Bəyannaməsi; Dayanıqlı və sağlam cəmiyyət üçün COP29-un Çoxşahəli Hərəkətin Yolları Bəyannaməsi (PAM); İqlim hərəkəti üçün su haqqında COP29 Bəyannaməsi; İqlim Şəffaflığının Qlobal Bakı Platforması; Kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafı üçün Harmoniya Təşəbbüsü və konfrans keçirildiyi bir ay zamanı hərbi əməliyyatların dayandırılması üçün COP Atəşkəsi. Vurğulamalıyam ki, Meksika nümayəndə heyətinin tərkibində federal hökümət, ştat və bələdiyyə höküməti təmsilçiləri, Konqres üzvləri, eləcə də, vətəndaş cəmiyyəti və özəl sektor nümayəndələri yer almışdı.
- Azərbaycan və Meksika universitetləri arasında əməkdaşlıq mövcuddurmu?
- Səfirlik olaraq universitetlərarası əlaqələrin inkişafı və saziş şəbəkəsinin genişləndirilməsinə dair öhdəliyimiz var. Hazırda məqsədimiz tələbə-müəllim mübadiləsi, təqaüd proqramları, qarşılıqlı maraq doğuran mövzularda konfrans və seminarların təşkilini mümkün edəcək əməkdaşlığı təbliğ etməkdir. Həmçinin hesab edirik ki, birgə tədqiqat layihələrində əməkdaşlıq əlaqələrimizi möhkəmləndirmək üçün mükəmməl bir imkandır. Universitetlərarası əməkdaşlığın hələ də çox geniş olmadığına baxmayaraq, təhsilin beynəlmiləlləşdirilməsinə dair artan maraq bu sahədəki əlaqələri genişlədəcək.
- İki ölkə arasında mədəni əlaqələr hansı səviyyədədir?
- Burada bizim mükəmməl təcrübəmiz var. Təsviri incəsənət, ədəbiyyat, kino, rəqs, musiqi, milli mətbəx və idman sahələrində geniş sayda nümunələri Azərbaycan publikasına təqdim etmək imkanımız oldu. Son iki il ərzində hökümət idarələri və instansiyaları ilə məhsuldar əməkdaşlıq əsasında mədəni təbliğat layihələrimizdə meksikalı artist və aşpazların daimi iştirakı təmin olunub. Bir sıra uğurlu tədbirlərimiz baş tutub.
Bu xüsusda, ayrıca olaraq Bakı Xoreoqrafiya Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dillər Universiteti ilə olan əməkdaşlığımızı qeyd etmək istərdim. Bununla belə, Meksikanın milli rəqs və musiqisinin ifa olunmasında müstəsna iş görmüş, eləcə də ölkəmdən ilhamlanaraq əsərlər yaratmış mədəniyyət xadimləri və tələbələrin əməyini xüsusi vurğulayıram.
Son vurğulamaq istədiyim məsələ isə Meksikanın xarici feminist siyasətilə bağlı gördüyümüz işlərdir. Gördüyüm hər bir iş və fəalliyyətdə gender mövzusu və qadınların rolu əks olunur. Meksika tarixində ilk qadın ölkə başçısı olan Prezident Klaudiya Şeinbaum “qadınların zamanı” olduğunu aydın bildirdi və mənim Azərbaycandakı təcrübəm burada tanıdığım müstəsna qadınların sayəsində daha da zənginləşdi. Meksika Səfirliyində bizim dəstəyimizi hiss edə bilərsiz.
- Xanım səfir, vaxt ayırıb suallarımızı cavablandırdığınıza görə Sizə təşəkkür edirik.
Foto: Elnur Muxtar