
BAKI, 4 mart. TELEQRAF
“Bu hadisə həm bizim kollektivimiz, həm də yaxınları və tanıyanları üçün böyük faciədir. Gülnazla iş yoldaşı idik, o, Sabunçu Tibb Mərkəzində kiçik tibb işçisi kimi çalışırdı. Zəhmətkeş qadın idi”.
Bunu Teleqraf-a açıqlamasında ötən gün dəm qazından vəfat edən şəhid anası Gülnaz Ağayevanın iş yoldaşı Tərifə Həsənova deyib.
Sabunçu Tibb Mərkəzinin baş tibb bacısı İlahə Şirinova isə bildirib ki, Gülnaz oğlu şəhid olandan sonra çox əziyyət çəkib:
"Allah onun yerdə qalan övladına səbr versin. Oğlu şəhid olandan sonra çox əziyyət çəkirdi. Sakit, heç kimlə işi olmayan qadın idi. Həmişə deyirdi, işləyirəm ki, qalan övladıma şərait qurum, onu bir yerə çatdıra bilim”.
Yaxınlarının sözlərinə görə, ailənin sağ qalan yeganə nümayəndəsi - şəhidin qardaşı xəstə deyil. Bundan əvvəl şəhid qardaşının sağlamlıq imkanlarının məhdud olduğu bildirilmişdi.
Qeyd edək ki, ötən gün axşam saatlarında Maştağa qəsəbəsində Vətən müharibəsi şəhidi Vahid Ağayevin valideynləri - Məcnun və Gülnaz Ağayevlər dəm qazından boğularaq vəfat ediblər.
Vahid Ağayev 1996-cı ilin sentyabrın 14-də Bakının Maştağa qəsəbəsində anadan olub. Vətən müharibəsində Xocavənd, Füzuli, Cəbrayıl və Şuşa uğrunda döyüşlərdə iştirak edib.