
BAKI, 4 mart. TELEQRAF
Regional kommunikasiya xəttlərinin, o cümlədən Zəngəzur dəhlizinin açılması 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanmış üçtərəfli Bəyanatda əksini tapıb. Razılaşmanın 9-cu bəndində kommunikasiyaların açılması, nəzarət mexanizmi ilə bağlı Ermənistan üzərinə öhdəlik götürüb. Təəsüf ki, erməni tərəfi dəhlizin açılmasını müxtəlif bəhanələrlə uzatmağa çalışır.
Bu sözləri Teleqraf-a ehtiyatda olan türkiyəli general Yücel Karauz deyib.
“Ermənistan tərəfi əvvəlcə dəhlizə Rusiyanın nəzarət etməməsini bəhanə edirdi. Sonra isə İran bu xəttin açılmasına qarşı çıxdı. Bununla da proses ləngidi. Azərbaycan və Türkiyə isə kommunikasiyaların açılması ilə bağlı qarşıya qoyulmuş işləri ardıcıllıqla icra edir. Bakı və Ankara öz işlərini "Zəngəzur dəhlizi sabah açılacaq" prinsipinə uyğun həyata keçirir”, - o qeyd edib.
Zəngəzur dəhlizinin açılması ilə Azərbaycanın Naxçıvana, Türkiyəyə, türk dünyasına, Paris və Londonun isə Pekinlə bağlantısının yaranacağını söyləyən general deyib:
“Bununla Cənubi Qafqaza sülh və əməkdaşlıq, inkişaf gələcək. Bundan ən çox faydalanacaq ölkə Ermənistandır. Şərqdən Qərbə açılacaq dəhlizlə, Şimal-cənub istiqamətində formalaşdırılan layihələrlə İrəvan böyük qazanc əldə edəcək. Nəhayətdə, Azərbaycanla Türkiyənin Ermənistanla münasibətlərində yeni səhifə açılacaq. Zəngəzur dəhlizi açılmadan Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması mümkün deyil. İrəvan prosesə ABŞ və Avropa İttifaqı kimi üçüncü tərəfləri qatmağa cəhd edir. Ermənistan birdəfəlik dərk etməlidir ki, Zəngəzur dəhlizi açılmadan Türkiyə ilə sərhədlərinin açılması mümkün olmayacaq. Amma nə olur-olsun bu dəhliz açılacaq”.