BAKI, 4 mart. TELEQRAF

“Bu ilki abituryentlər ötən ilin abituriyentləri ilə müqayisədə daha hazırlıqlıdırlar. Bu, əlbəttə ki, imtahan nəticəsinə də öz təsirini göstərməlidir”.

Bunu Teleqraf-a açıqlamasında martın 2-də keçirilən buraxılış imtahanını şərh edən təhsil eksperti Elçin Əfəndi deyib.

O abituriyentlərin suallarla bağlı narazılıqlarının olmadığını, sualları rahat cavablandırdıqlarını bildirib:

“Bu fikirlər nəticələr elan olunduqda da öz əksini taparsa, yüksək nəticə göstərən abituriyentlərin sayında artım gözləyirik. Ötən ilki göstəricilərdən də yüksək nəticələr qeydə alına bilər. Baxmayaraq ki, plan yerində artım olacaq, nəticələr yüksək olarsa, ixtisaslar üzrə keçid ballarına təsir edəcək. Abituriyenlərin nəticələrinin yüksək olması keçid balına təsir edən faktorlardan biridir. İxtisaslar üzrə formalaşan keçid ballarında nəticələr yüksək olarsa, artım qeydə alına bilər”.

Ekspertin sözlərinə görə, martın 9-da keçirilən imtananda da suallar bu formada olarsa, maksimum nəticə göstərənlərin sayı çox ola bilər:

“Yekunda yüz mindən çox abituriyentin prosesdə iştirakı gözlənilir. Nəticələrin yüksək olması ümumi müsabiqənin gərgin keçməsinə gətirib çıxaracaq. Əlbəttə, blok imtahanının da nəticələri çox vacibdir. Qəbul imtahanın ikinci mərhələsi, buraxılış imtahanı ilə birgə 700 bal verir. Bu baxımdan buraxılışdan 300 bal əldə edib, blok imtahanında da maksimum nəticə göstərərlərsə, ötən illə müqayisədə bu il 700 bal toplayanların sayı çox ola bilər".