
BAKI, 3 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp, vitse-prezident Ceyms Devid Vens və Ukrayna Prezidenti Volodimir Zelenski arasındakı sərt dialoq dünya diplomatiya tarixində az rast gəlinən hadisələrdən biridir. Hazırda dünya mediasının müzakirə etdiyi mövzu məhz bu görüş və orada baş verənlərdir.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli bunu Teleqraf-a Oval sarayda baş verənləri şərh edərkən deyib.
“Belə bir halın baş verməsi gözlənilməz idi. Təsəvvür edin görüşdə bir prezident başqa bir prezidenti danlamağa cəhd edir. Ona öz iradlarını bildirir. Bu, diplomatik etiket qaydalarına uyğun gəlməyən mənzərə idi”, - o qeyd edib.
Ekspertin fikrincə, buna səbəb tərəflər arasında kəskin fikir ayrılığıdır: “Ukraynada müharibənin başa çatması ilə bağlı tərəflər arasında konkret mövqe olmayıb. Tramp nəyin bahasına olur-olsun, müharibəni sonlandırmağa çalışır. O hesab edir ki, qısa müddətə Rusiya-Ukrayna müharibəsi dayanmalıdır. Zelenski isə müharibənin dayandırılacağı halda Ukraynaya geniş təhlükəsizlik zəmanəti verilməsini istəyir”.
“Təhlükəsizlik təminatı ilə yanaşı, Ukraynanın digər şərtləri var. Məhz bunun fonunda Ağ Evdə məlum gərgin mənzərə ortaya çıxdı. Sadəcə, gərginliyin ictimai şəkildə, medianın gözü qarşısında baş verməsi gözlənilməz idi”, - Mətin Məmmədli bildirib.
Qeyd edək ki, fevralın 28-də Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Ceyms Devid Vens ilə Ukrayna dövlət başçısı Volodimir Zelenski arasında diplomatik qalmaqala səbəb olan mübahisə baş verib. Nəticədə, Zelenski ABŞ səfərini yarımçıq qoyaraq Londona gedib.