BAKI, 1 mart. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenskinin amerikalı həmkarı Donald Trampla çoxdan gözlənilən görüşü dünən axşam Ağ Evdə baş tutdu. Gərgin məcrada keçən görüş bəzi hallarda Ukrayna liderinin təhqir edilməsi məqamları ilə də diqqət çəkdi. Trampla yanaşı, vitse-prezident Ceyms Devid Vens də Zelenskiyə qarşı xoş davranmadı. Ukrayna lideri də amerikalıları cavabsız qoymadı, Trampın tələblərini üzünə qarşı rədd edən Zelenskinin Vensi söydüyü iddiası dünya mediasında işıq sürətilə yayıldı.

Ağ Evdə nə baş verdi, Ukrayna lideri niyə qonaq olduğu evdə belə qarşılandı, Tramp və Vensi qəzəbləndirən nə oldu?

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov baş verənləri "Teleqraf" İnformasiya Agentliyinə şərh edib.

Diplomatın fikrincə, bizdə çoxları Ağ Evdə nə baş verdiyini düzgün başa düşməyiblər:

“Əslində, məsələ çox sadədir. Tramp təklif edir ki, atəşkəs bərqərar olsun. Söhbət sülhdən yox, atəşkəs rejiminin təmin edilməsindən gedir. Buna Ermənistan və Azərbaycan arasındakı durumu misal çəkə bilərəm. Bizdə atəşkəs rejimi tətbiq olunub, sazişlə yox, faks mübadiləsi ilə. İndi nə baş verdiyini hamı başa düşməlidir.

Görüşdə Zelenski tərəfindən digər məsələlər də müzakirəyə çıxarıldı. Ona görə də, Zelenskinin sözlərinə münasibət belə oldu. Zelenski dedi ki, Putinin hücum eləməməsi üçün Ukraynaya qarantiya lazımdır. Bu, ayrı məsələdir və siyasi danışıqlar zamanı həll edilməlidir. Yəni əvvəlcə atəşkəs elan olunur, sonra qarantiya verilir və sair. Xoşuna gəlməsə, bundan imtina edib müharibəyə davam edə bilərsən.

Burada hər kəs öz siyasi imicini qoruyur. Tramp vasitəçi kimi dedi ki, hər şey, şərtlərin nə olduğu öncədən bəlli idi, sonra gəlib “mənə filan şey, qarantiya-zad lazımdır, Putin həmişə bizi aldadır” söyləyirsən. Bunu hamı bilir ki, aldadır. Yəni Zelenskinin dedikləri hamıya məlum idi. Məsələn, Zelenski Rusiyanın əsirlərə münasibətindən danışdı, istisna etmirəm ki, Ukraynada da elədir. Hələ indiyədək görməmişəm ki, əsirlərə yaxşı münasibət göstərilsin və onlar hər şeydən razı olsunlar.

Zelenski başa düşür ki, onu siyasi oyundan çıxarmaq istəyirlər. İstəyir ki, getməmişdən əvvəl özünü vətənpərvər kimi göstərsin, sonra da pullarını götürüb harsa getsin. Burada ayrı bir söz ola bilməz”.

Tofiq Zülfüqarov Zelenskinin rusiyalı həmkarı Vladimir Putinin də gələcək oyunda olmayacağını proqnozlaşdırıb:

“Zelenski öz oyununu oynayır, oyun da davam edir və ona bu oyunda yer yoxdur. Ümid edirəm ki, gələcək oyunda Putinə də yer olmayacaq. Çünki hansısa mərhələ üçün Putinin oyunda iştirakı böyük oyunçuları qane edirdi. İndi yeni mərhələ başlayacaq. Bu mərhələ də ondan ibarətdir ki, Rusiya Çinə qarşı Amerikanın müttəfiqi olmalıdır. Putin həmin mərhələ üçün uyğundur, ya yox? Məncə, yox. Bu baxımdan, Zelenskinin siyasi gələcəyi də heç kimə lazım deyil. Hər şey bəllidir.

Bir mərhələ başa çatır, bu mərhələdə həm Ukrayna, həm də Rusiya zəiflədi. İndi Rusiyaya təklif eləsələr ki, Çinə qarşı bir yerdə olsunlar, bunu qəbul eləməlidir. Rusiya artıq iqtisadi-hərbi baxımdan güclü səviyyədə deyil. İrandan PUA alan bir ölkədən danışırıq. Nüvə silahlarından başqa, Rusiyanın digər silahları özünü doğrultmadı”.

Sabiq nazir qeyd edib ki, Amerika lideri sələfi Co Baydendən fərqli olaraq, müharibəni maliyyələşdirmək istəmir:

“İndi Tramp deyir ki, Amerikaya müharibə lazım deyil. Ağ Evdəki görüşdə başqa bir fikir də səsləndirildi. Tramp Zelenskidən soruşur ki, Amerikanın verdiyi 350 milyard dollar hanı? Zelenski də deyir ki, mən bu qədər pul almamışam. Dava da bunun üstündədir: mənim pullarım hanı? Hər kəs öz oyununu oynayır.

Tramp təklif eləmir ki, Ukrayna qalib gəlsin. Kim haqlıdır, kim haqsızdır – bu barədə hər kəsin öz fikri var. Bu başqa məsələdir, söhbət isə ayrıdır. Tramp deyir ki, siz bizsiz müharibə apara bilməzsiniz və bu da bizə lazım deyil. Tramp pul verən də deyil. Bəllidir, Ukrayna Amerikasız müharibə apara bilməz”.

Ağ Evdə baş verənlərin ümumi duruma təsirlərinə gəlincə, Tofiq Zülfüqarov vurğulayıb:

“Öz misalımızı yada salaq. 1990-cı illərdə müharibədən sonra neft sazişi imzalandı. Atəşkəsdən sonra biz öz maraqlarımızı qoruduq, pul qazandıq, dövlətimizi, ordumuzu qurduq, gücləndik, sonda da torpaqlarımızı azad elədik. Ukrayna da belə edə bilər. Zelenski görür ki, artıq ona yer yoxdur.

Hesab edirəm ki, Ukrayna daxilində hansısa proseslər baş verəcək. Zelenski bu və digər yollarla hakimiyyətdən kənarlaşdırılacaq. İndi deyirlər ki, o, müharibədən pul qazanır, bəziləri də belə olmadığını deyir. Amma sonda onun gedib mühacirətdə yaşayacağını düşünürəm”.