BAKI, 3 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Ceyms Devid Vens ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında baş verən olay dünya diplomatiya tarixində ilk hadisə idi. Bu beynəlxalq ictimaiyyətdə şok effekti yaratdı. Tramp ilk prezidentlik dövründə qonaqları ilə media qarşısına adətən tək çıxırdı. Amerika tərəfindən ikinci şəxs müzakirələrə qatılmırdı. Bu dəfə isə fərqli situasiya baş verdi.

Bu sözləri Teleqraf-a Türkiyənin Azərbaycandakı keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.

“ABŞ-nin vitse-prezident Ceyms Devid Vens müzakirələrə qoşularaq Ukrayna Prezidenti Volodimir Zelenskini günahlandırması gərginliyə səbəb oldu. Zelenski istər-istəməz Vansın replikasını cavabsız qoymadı. Məlum qalmaqal bununla başladı. Trampın müzakirələrə qoşulması ilə proses şiddətləndi. Beləliklə, bir nəfərə qarşı iki şəxsin qarşılıqlı ittihamlarla nəticələnən qalmaqalı yarandı”, - o qeyd edib.

“Ölkəsi işğal edilən, milyonlarla vətəndaşı qaçqın düşən, yüz minlərlə soydaşı öldürülən Ukrayna lideri Amerikaya yardım almaq üçün getdiyi halda belə mənzərə ilə üzləşdi”, - sabiq səfir vurğulayıb.

O əlavə edib ki, bunun fonunda Zelenskinin sərgilədiyi mövqe alqışa layiq idi. O, gözlənilməyən davranış sərgilədi. Vans isə bu görüşü pozan, münasibətləri zədələyən şəxs kimi tarixə düşdü. Medianın önündə, öncədən hazırlanmış ssenari kimi baş verən qalmaqal diplomatik qaydalara zidd idi:

“Avropa ölkələri Ukrayna liderinə dəstəklərini ifadə etdilər. Türkiyə də Rusiya-Ukrayna müharibəsinin ədalətli şəkildə başa çatmasını istəyir. Rəsmi Ankaranın mövqeyi ondan ibarətdir ki, Ukraynanın ərazi bütövlüyü təmin olunmalıdır. Türkiyə hər zaman savaşa qarşıdır. Böyük liderimiz Mustafa Kamal Atatürkün dediyi kimi “Yurdda sülh, cahanda sülh” prinsipi Türkiyə dövləti tərəfindən əsas xətt kimi qəbul edilib”, - Hulusi Kılıç söyləyib.

Qeyd edək ki, fevralın 28-də Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Ceyms Devid Vens ilə Ukrayna dövlət başçısı Volodimir Zelenski arasında diplomatik qalmaqala səbəb olan mübahisə baş verib.