
BAKI, 4 mart. TELEQRAF
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə nümayəndə heyəti martın 5-də Belçika Krallığına səfər edəcək.
İdarədən Teleqraf-a bildirilib ki, səfərdən məqsəd Belçika Kralı Filip Əlahəzrətlərinin ali himayəsi ilə və Avropa İnkişaf və Araşdırmalar Akademiyasl (EDARA), İSESKO, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə Belçika və Avropada "2025 - İslam Dünyası İli" çərçivəsində tədbirlərdə iştirak etməkdir.
Avropa və İslam dünyası arasında dinlər və sivilizasiyalar arası əlaqələrin dərinləşməsinə xidmət edən bu təşəbbüs çərçivəsində martın 6-da Avropa Parlamentində Yüksək Səviyyəli Dəyirmi Masa və martın 7-də “Multikulturalizm modelləri – Münasibətlərin qurulması və sülh şəraitində birgəyaşayış modelləri haqqında düşüncələr” mövzusunda Avropa Konfransı və BMT-nin Brüsseldəki Qadınlar Ofisində görüşlər keçiriləcək.
Belçika Kralı adından Ramazan ayına təsadüf edən Brüssel tədbirləri qonaqlarının şərəfinə iftar süfrəsi açılacaq.