.jpg)
BAKI, 4 mart. TELEQRAF
Rüşvət almaqda təqsirləndirilən Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinin sabiq baş direktoru Saleh Novruzi, sabiq direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin sabiq müdiri Tahir Vəliyevin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Şahid Maqsud Cəlilov bildirib ki, Sanitariya-Karantin Mərkəzində işləyir, onlara müraciət edən fiziki və hüququ şəxslərin gətirdiyi materiallardan nümunə götürürlər: "Ödəniş edildikdən sonra həmin məhsula sertifikat verilir. Bəzi vaxtlar nümunələri sahibkarlar özləri gətirirlər. Nümunələr əsasında akt tərtib edirik".
Hakim şahiddən sahibkarların mərkəzə gətirdikləri nümunələrin həmin məhsula aid olduğunu necə müəyyən etdiklərini soruşub: "Bəlkə, nümunə ondan əvvəlki məhsula aiddir? Gətirilən nümunələrin həmin məhsula aid olduğunu necə müəyyən edirdiniz? Əgər sertifikat vermirdinizsə, həmin mallar gömrükdən necə buraxılırdı?"
Maqsud Cəlilov deyib ki, nümunənin həmin məhsula aid olub-olmadığını sahibkarın gətirdiyi sənəd əsasında müəyyən ediblər: "Məhsulun ölkəyə buraxılıb-buraxılmaması gömrüyün işidir. Bizim sertifikat olmasa da, gömrük həmin malı öhdəlik əsasında ölkə ərazisinə buraxa bilər".
Digər şahid qismində dindirilən Səbuhi Camalov təqsirləndirilən şəxsləri tanımadığını bildirib. O, mərkəzə kosmetik məhsulları təqdim etdiyini söyləyib: "Mərkəzə məhsullardan nümunələr gətirdim. Bu nümunələr əsasında analizlər aparılıb. Sertifikat almaq üçünsə hər bir nümunəyə 280 manat pul ödəmişəm".
Növbəti məhkəmə prosesi aprelin 8-nə təyin edilib.
Qeyd edək ki, bu ilin mayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzi publik hüquqi şəxsin baş direktoru Saleh Novruzi, direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyev cinayət başında yaxalanıblar.
Fakt üzrə Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Əməliyyat-istintaq tədbirləri ilə həmin şəxslərin qabaqcadan əlbir olaraq müayinə məqsədli nümunələr götürülmədən idxal və daxili istehsal məhsullarının gigiyenik sertifikatlaşdırılması və digər bu kimi qanunsuz hərəkətləri müqabilində işlədikləri quruma müraciət etmiş ayrı-ayrı vətəndaşların külli miqdarda pul vəsaitlərini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən vəzifəli şəxslərin xidməti otaqlarında və digər ünvanlarda aparılmış axtarışlarla iş üzrə əhəmiyyət kəsb edən sənəd və başqa sübutlar aşkar edilərək götürülüb.
İlkin sübutlar əsasında Saleh Novruzi, Yadulla Balışov və Tahir Vəliyev şübhəli şəxs qismində tutularaq Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, hər 3 şəxsin yaşı və səhhəti nəzərə alınmaqla, barələrində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.