"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Zaur müəllim, yeni konstitusiyası ilə bağlı referendumun keçirilməsinə Ermənistan cəmiyyətində ciddi təpkilər olmadı. Bu nə ilə bağlıdır?

- Ermənistanda hazırda əsas suallardan biri konstitusiya dəyişikliyi və yaxud yeni konstitusiyanın qəbul edilməsinin nə zamana sirayət edilməsi ilə bağlıdır. Artıq erməni cəmiyyəti ilə danışıqlar başlanılıb. Ermənistanın baş naziri Nikol Paşinyan bununla bağlı xalqa müraciətində Azərbaycana da mühüm ismarıclar vermiş oldu. Erməni müxalifəti yeni konstitusiyanın qəbul edilməsindən ciddi şəkildə narahatdır. Onlar, ümumiyyətlə, referendumun keçirilməsini istəmir. Amma erməni cəmiyyəti bilir ki, referendum keçiriləcək və yeni konstitusiyada Qarabağa olan ərazi iddiası, yəni Ermənistanın müstəqillik aktına istinad olmayacaq. Belə olan təqdirdə cəmiyyətin məsələləri sakitcə seyr etməsi də onu göstərir ki, Ermənistanda xalq hakim partiyanın, Paşinyan komandasının proqramını qəbul edir.

- Yeni konstitusiya və yaxud konstitusiya dəyişikliyi dedikdə nə başa düşülür?

- 44 günlük müharibə və Ermənistan ordusunun məğlub olması ona gətirib çıxardı ki, bu gün erməni əhalisi yeni müharibə istəmir. Ona görə də, erməni cəmiyyəti hakim partiyanın sülhlə bağlı çağırışlarını dəstəkləyir. Söhbət yeni konstitusiyanı qəbul etməsindən gedir. Çünki konstitusiya dəyişikliyi əsas qanunun preambulasını dəyişə bilməz. Preambula toxunulmazdır. Bu halda konstitusiya dəyişikliyi deyil, yeni konstitusiyanın qəbulundan danışmaq daha doğru olar.

- Azərbaycana qarşı Ermənistanın digər qanunvericilik aktlarında da iddialar var. Bunlar necə həll olunacaq?

- Əslində Paşinyan Ermənistanın təhlükəsizlik konsepsiyasına da yenidən baxılmasının vacibliyini bildirib. Təhlükəsizlik haqqında konsepsiyada bir neçə istiqamətdə dəyişikliklərin edilməsi gözlənilir. 2021-ci ildə Ermənistan parlamentinin qəbul etdiyi formullar da sülh prosesinə təhdid hesab edilir. Ona görə də, bu istiqamətdə dəyişikliklərin olunması ilə bağlı Azərbaycan tərəfindən tələblər var idi.

- Ermənistanın bu islahatlara yaxın vaxtlarda getməsi gözlənilirmi?

- Bütün bunların 2026-cı ildə parlament seçkilərindən sonra həyata keçirilməsi nəzərdə tutulub. Bunun da səbəbləri Ermənistan hakimiyyətinin zəmanat almaq istəyi ilə bağlıdır. Paşinyan hakimiyyətinin davam etməsi fonunda bunlar baş verəcək. Görünən odur ki, Ermənistan Azərbaycan və Türkiyənin proseslərə olan yanaşmasını nəzərə alır. Əgər 2026-ci ildə baş tutacaq seçkilərdə erməni əhalisi yenidən Paşinyana dəstək verəcəksə, bu, artıq referendumda da hakim partiyanın təkliflərinin qəbul olunması demək olacaq.

- Sülh və islahatlarla bağlı mesajlar verilsə də Ermənistan davamlı olaraq hücum silahları alır. Bu paradoksu necə başa düşmək olar?

- Sülh müqaviləsinin imzalanmaması Ermənistandan olan tələblərin hələ də təmin edilməməsi ilə bağlıdır. Amma bunun fonunda Ermənistan silahlanır. Hindistandan, Fransadan hücum silahları alınır. Əslində bu, Ermənistanın sonrakı addımlarının nədən ibarət olacağını sual altına almış olur. Bunun nədən ibarət olacağını isə zaman göstərəcək. 2018-ci ildə Nikol Paşinyan hakimiyyətə gələrkən sülh ritorikasından çıxış edirdi. Daha sonra o “Qarabağ Ermənistandır nöqtə” dedi. Hətta “Bakıya qədər gələcəklərini”, “yeni müharibə, yeni ərazilər” ritorikası ilə çıxış etməyə başladılar. Bunun da necə nəticələndiyini hər kəs gördü.

- ABŞ-Rusiya danışıqlarının Cənubi Qafqaza təsiri haqqında proqnozlar nədən ibarətdir?

- Sözsüz ki, Vaşinqton-Moskva danışıqları Cənubi Qafqaz və Mərkəzi Asiyanın Rusiyanın təsir dairəsində qalması ehtimalını gücləndirir. Bu da Ermənistan daxilindəki proseslərə təsirsiz ötüşməyəcək. Ermənistanın keçmiş prezidenti, hərbi cani Robert Köçəryanın aktivlik nümayiş etdirməsi, onun Rusiya və ABŞ ilə bağlı verdiyi bəyanatlar bunu təsdiq edir. Əgər Rusiya-Ukrayna arasında atəşkəs olarsa, Cənubi Qafqaz bir sıra yeni istiqamətlərlə üzləşə bilər.

- Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması region üçün nə vəd edir?

- Paşinyanın mövqeyini dəyişməyəcəyi ilə bağlı heç kəs dəqiq proqnoz verə bilməz. Ola bilsin ki, İrəvan yenidən Rusiyanın çətiri altına qayıtsın. Hətta Ermənistanın buna vadar edilməsi mümkündür. Bu halda Ermənistanda konstitusiya dəyişikliyi və digər məsələlər arxa plana keçəcək. Zəngəzur dəhlizi ilə bağlı da başqa fikirlərə rast gəlmək mümkün olacaq. Eyni zamanda Rusiya-Azərbaycan və Rusiya-Ermənistan münasibətlərinin inkişafı proseslərin sonrakı gedişinə təsir edəcək.