BAKI, 4 iyun. TELEQRAF

Türkiyə millisinin və “Qalatasaray”ın transfer gündəmində olduğu bildirilən Can Uzun üçün mübarizə getdikcə daha da gərginləşir.

Teleqraf Almaniyanın “Bild” nəşrinə istinadla xəbər verir ki, İstanbul nəhəngi 20 yaşlı futbolçunu transfer siyahısına daxil edib. “Sarı-qırmızılar” Türkiyə millisinin üzvünü əsas hədəflərindən biri kimi nəzərdən keçirir.

Lakin Can Uzunla maraqlanan tək klub “Qalatasaray” deyil. İddiaya görə, İtaliyanın “Napoli” və “Milan” klubları, həmçinin bəzi Premyer Liqa təmsilçiləri də gənc yarımmüdafiəçinin durumunu yaxından izləyir.

Hazırda Almaniyanın “Ayntraxt” klubunda çıxış edən Can Uzunun gələcəyi ilə bağlı qərarı 2026-cı il dünya çempionatından sonra verəcəyi bildirilir. Futbolçunun turnirdən sonra karyerası ilə bağlı yekun qiymətləndirmə aparacağı gözlənilir.