BAKI, 4 iyun. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinə görüş və atəşkəs təklifi ilə açıq məktub ünvanlayıb.
Teleqraf Ukrayna mediasına istinadən xəbər verir ki, məktub Prezidentin saytında dərc olunub.
Zelenski bildirib ki, Ukrayna "hamının hamıya" formulu ilə əsir mübadiləsinə, mülki şəxslərin və uşaqların qaytarılmasına, eləcə də ABŞ və Avropanın təhlükəsizlik qarantları qismində mümkün iştirakı ilə birbaşa ikitərəfli formata hazırdır. O, görüşün neytral ərazidə keçirilməsini təklif edib və bildirib ki, cəbhə xətti diplomatiyanın başlayacağı xətt olmalıdır:
"Siz artıq müntəzəm olaraq regionlarımızın, ilk növbədə də Donetsk vilayətinin ələ keçirilməsi üçün son müddətləri təxirə salırsınız. Onu bu il də ələ keçirə bilməyəcəksiniz. Biz Ukraynada daimi müharibə istəmirik. Yaxşı bilirik ki, müharibəsiz həll daha yaxşıdır. Biz buna nail olmaq istəyirik. Müharibə və sülh məsələlərinin həlli üçün ənənəvi olaraq liderləri qəbul edən ölkələr var. İsveçrə, Türkiyə, Ərəb ölkələri... Mən görüşün dəqiq tarixini müəyyən etməyi təklif edirəm. Eşitmişik ki, Alyaskada sizə Ukrayna və Avropaya aid olan bəzi məsələlərin həllini söz veriblər. Amma siz görürsünüz ki, Ukrayna və Avropa məsələləri Ankoricdə həll olunmur. Lakin biz hesab edirik ki, ABŞ prosesdə iştirak etməlidir və bu, regionumuzdakı yeni təhlükəsizlik arxitekturasının konfiqurasiyasını müəyyən edə biləcək bir amildir"