BAKI, 5 iyun. TELEQRAF

Ermənistanın Baş naziri Nikol Paşinyan zərurət yaranacağı təqdirdə ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacağını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Paşinyan seçkiqabağı debatlar zamanı Ermənistanın KTMT-də üzvlüyü məsələsinə münasibət bildirib. "Güclü Ermənistan" Partiyasının nümayəndəsi Narek Karapetyan təşkilatda iştirakın "dondurulması" anlayışının nə demək olduğunu və Yerevanın tənqidlərinə baxmayaraq niyə hələ də blokdan çıxmadığını soruşub.

Baş nazir cavabında bildirib ki, müvafiq qərar ehtiyac yaranarsa qəbul ediləcək.

“Qərar verəcəyik və çıxacağıq. Lazım olsa, çıxacağıq. Mən demişəm ki, geri qayıtmayacağıq”, – deyə Paşinyan vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Nikol Paşinyanın Rusiya ilə münasibətləri qırmaq kursu götürdüyünü bildirmişdi. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin isə Qərbin Ermənistandan Rusiyaya qarşı istifadə etmək istədiyini bəyan etmişdi.