BAKI, 5 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin nizamlanması üzrə razılaşma əldə olunacağı təqdirdə ölkənin ali lideri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib.
Teleqraf xəbər verir ki, Ağ Ev rəhbəri qeyd edib ki, Vaşinqton Tehranla razılığa gələ bilsə, belə bir görüş mümkündür.
“Mən razılaşmanın əldə olunmasını istərdim. Əgər razılaşma əldə etsək, bu mümkündür. Mən ayətullahla görüşmək istəmirəm, amma onunla görüşsəydim, bu mənim üçün şərəf olardı”, - deyə Tramp bildirib.
Xatırladaq ki, bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio Müctəba Xameneinin İranın idarə olunmasında daha fəal rol oynadığına dair əlamətlərin müşahidə edildiyini söyləmişdi.