BAKI, 3 iyun. TELEQRAF
"Bakı Təşəbbüs Qrupu və Azərbaycan hökuməti ilə əməkdaşlığın genişlənəcəyinə ümid edirik".
Teleqraf xəbər verir ki, bu barədə Kanadadakı Siqh Federasiyasının rəhbəri Moninder Sinqh Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr olunmuş “İyun 1984, Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı transmilli repressiyaları soyqırım kontekstində” adlı beynəlxalq konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
“Azərbaycan və onun xalqı ilə dərin mənəvi bağlarımız var. Bizə 1984-cü ilin iyununda baş vermiş və soyqırımı kimi qiymətləndirdiyimiz hadisələr, eləcə də siqh xalqının öz müqəddəratını təyin etmək hüququ uğrunda mübarizəsi barədə danışmaq imkanı yaradıldığı üçün minnətdarıq. Soyqırımı və işgəncələrin qurbanı olmuş insanların səslərinin eşidilməsi, onların adlarının və talelərinin unudulmaması böyük əhəmiyyət daşıyır. Azərbaycan hökuməti və Bakı Təşəbbüs Qrupunun dəstəyi sayəsində bu məsələləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq imkanı əldə etmişik. Azərbaycan xalqı bizi dinlədi və mövqeyimizi ifadə etməyimiz üçün açıq və hörmətli platforma təqdim etdi”, - deyə bildirib.