
BAKI, 19 fevral. TELEQRAF
Asiya Parlament Assambleyası (APA) region dövlətlərinin maraqlarına xidmət edən bir platforma kimi mühüm rol oynayır. Asiya qitəsində parlamentlərarası koordinasiya və əməkdaşlığın gücləndirilməsi icraedici orqanlar arasında daha möhkəm əlaqələrin qurulmasına töhfə verir. Eyni zamanda, təşkilatın beynəlxalq nüfuzunun artması Asiya xalqlarının vahid mövqeyinin formalaşmasına və onların səsinin beynəlxalq arenada daha yüksək səviyyədə eşidilməsinə xidmət edir.
Teleqraf xəbər verir ki, bu sözləri Bəhreyn Şura Məclisinin sədri Əli Saleh Abdulla Əlsaleh Bakıda keçirilən Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında çıxışı zamanı söyləyib.
Sədr Azərbaycan Respublikasına, onun siyasi rəhbərliyinə və qardaş xalqına Bəhreyn Krallığının ali hökmdarı, Əlahəzrət Kral Həməd bin İsa Əl Xəlifə və Vəliəhd Şahzadə, Baş Nazir Salman bin Həməd Əl Xəlifənin salamlarını çatdıraraq, Asiya xalqları arasında münasibətlərin daha da möhkəmləndirilməsi üçün göstərdikləri səyləri vurğulayıb.
O, Bəhreyn Krallığının Asiya Parlament Assambleyasının sədrliyinə namizədliyini irəli sürdüyünü elan edərək, təşkilatın üzvlərinin etimadını və dəstəyini qazanmağa ümidvar olduğunu bildirib.