BAKI, 17 fevral. TELEQRAF

30 illik işğal dövründə Ermənistan tərəfindən Azərbaycan ərazisində yerləşən tarixi Albaniya dövründən qalma məbədlər, kilsələr, vandallığa, barbarlığa məruz qalıb. Məqsəd Azərbaycan ərazisindəki tarixi xristian mədəni irsinə sahib olmaq idi. Kilsələr, monastr kompleksləri erməni saxtakarlığı ilə üzləşib.

Bu sözləri Teleqraf-a açıqlamasında Bakı Dövlət Universitetinin böyük elmi işçisi, Alban-Udi Xristian İcmasının sədri Robert Mobili deyib.

İcma rəhbəri bildirib ki, ərazilər işğaldan azad edildikdən sonra ermənilərin digər dini abidələrlə yanaşı, xristian məbədlərinə qarşı olan çirkin niyyətləri üzə çıxmış oldu:

“İndi də onlar Qarabağ və Şərqi Zəngəzurda olan kilsələri öz adlarına çıxmağa çalışırlar. İddia edirlər ki, guya onlar erməni mədəni irsidir. Ermənilər burada qədimdən yaşayıb, bu da onların tikdirdiyi kilsələrdir. Ərazilərin “Böyük Ermənistan”ın daxilində olması kimi yalan təbliğatla məşğuldurlar”.

Robert Mobili VI-XII əsrə aid olan kilsələrin memarlıq üslubuna görə bir-birindən çox da fərqlənmdəyini söyləyib:

“Fərqli elementlər əsasən, simvollarla bağlı olur. Altar hissəsi və digər memarlıq üslubunda fərqlər var. Dünyada o dövrə aid kilsələrin çoxu memarlıq baxımından bir-birinə yaxındır. Şərq kilsələri də bu xüsusda eynilik təşkil edir”.

“Ermənilər isə işğal dövründə Azərbaycan ərazisindəki tarixi kilsələri tamamilə dəyişməyə çalışıb. Xüsusi ilə kilsələrdə xaç, altar hissə, ibadət otaqları, zəng qülləsi dəyişikliyə məruz qalıb. Kilsə binalarında isə ornametlərdə dəyişiklik olunub. Hətta vaxtilə zəlzələ və təbii amillər zamanı dağılmış kilsələr bərpa edilərkən onu erməni kilsəsi kimi restavrasiya ediblər. Misal olaraq, Laçında kilsə olmadığı halda ermənilər işğal zamanı orada kilsə tikib, adını da ən qədim erməni kilsəsi qoyublar”, – İcma sədri vurğulayıb.