
BAKI, 20 fevral. TELEQRAF
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) distribyutorlara (hüquqi və fiziki şəxslər) müraciət edib.
Teleqraf xəbər verir ki, bu barədə AEM-nin məlumatında qeyd olunub.
Bildirilib ki, müvafiq “Ekspertiza Rəyi”nin alınması üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinə (bundan sonra – Mərkəz) indiyədək təqdim olunmuş bir sıra məhsulların tərkibinə daxil olan Afrika ətirşahı (Pelargonium sidodes D.S.) bitkisinin kökü (xammal) barədə son beynəlxalq elmi araşdırmalar nəticəsində müəyyən edilib ki, bu inqrediyent insan orqanizmində immun sistemin fəaliyyətinə, tənəffüs orqanlarının iltihabına və viruslara qarşı müsbət terapevtik təsir effektinə malikdir.
"Eyni zamanda, qeyd etmək istərdik ki, adıçəkilən xammalın tərkibinə fenol birləşmələrindən kumarinlər, flavonoidlər və fenol turşuları daxil olduğundan, 15 may 1997-ci il tarixindən bu xammal artıq “yeni qida” (novel food) kimi istifadə olunmağa başlanılıb. Lakin Avropa komissiyasının müvafiq sənədinə əsasən bu xammalın “yeni qida” kimi statusunda dəyişikliklər aparılıb.
Məhz bu səbəbdən də xammalın müasir pediatriyada istifadəsi tövsiyə olunmur.
Həmçinin nəzərinizə çatdıraq ki, Afrika ətirşahı (Pelargonium sidodes D.S.) bitkisi qida və BFMQƏ-nin (BAQM-ın) tərkibində istifadə olunan xərçəng əmələgətirmə riski yüksək olan bitkilər siyahısına da daxildir.
Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq BFMQƏ-nin (BAQM-ın) istehsalı və idxalı ilə məşğul olanların diqqətinə çatdırırıq ki, tərkibinə Afrika ətirşahı (Pelargonium sidodes D.S.) bitkisinin kökü daxil olan məhsullar artıq dərman vasitəsi hesab olunduğundan, Mərkəzə BFMQƏ (BAQM) kimi rəy alınması üçün ekspertizaya təqdim olunduqları halda, həmin məhsulların qəbulundan birmənalı şəkildə imtina ediləcəkdir"- Mərkəzdən qeyd olunub.