Ölkəmizin uğurlu enerji strategiyası həm daxili tələbatın tam təminatına, həm də ixraca imkan verir. Azərbaycan enerji təhlükəsizliyinə ciddi sərmayə yatırıb. Bu gün regional və qlobal müstəvidə Azərbaycanın enerji resurslarına malik ölkə kimi nüfuzu durmadan artır.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O qeyd edib ki, Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin təşkili xüsusilə diqqət çəkir:

“Artıq 27-ci dəfədir keçirilən Xəzər Neft və Qaz Sərgi və Konfransı qlobal enerji şirkətlərinin iştirakı baxımından da mühüm önəm kəsb edir. Ümumiyyətlə bu konfransın tarixi əhəmiyyəti olduqca böyükdür. Çünki bu konfransın məhz Azərbaycanın müstəqilliyini bərpa etdiyi dövrdən başlayarq keçirilməsi böyük çətinliklərlə üzləşmiş ölkəmizə beynəlxalq konsersumların və təşkilatların diqqətinin cəlb edilməsi baxımından vacib idi”.

Millət vəkili hesab edir ki, Xəzər Neft və Qaz Sərgisi təşkilatçıların rolu sərmayələrin cəlbi baxımından da mühüm önəmə malik idi:

“Azərbaycan bu konfransın keçirildiyi ilk ildən etibarən özünün dünyaya açıq olduğunu elan edib. Bu məhz Xəzər dənizini əməkdaşlıq və sərmayələr məkanı kimi görmək reallığını formalaşdırıb”.

Cavid Osmanova görə, Bakı Enerji Həftəsinin keçirilməsi ilə bağlı ABŞ prezidenti Cozef Baydenin Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubu da mühüm əhəmiyyətə malikdir. C.Baydenin ABŞ-la Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi, Müstəqillik günü ilə bağlı Prezident İlham Əliyevə xüsusi təbrik məktubları ünvanlaması ölkəmizin artan və güclənən diplomatik mövqeyinin göstəricisi hesab edilir. Bütün bunlar sözsüz ki, ABŞ-ın Azərbaycana və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə verdiyi yüksək qiymətin bariz nümunəsi kimi qiymətləndirilir”.