BAKI, 7 noyabr. TELEQRAF
Paraqvay Konqresinin yuxarı palatası – Senat ölkə Prezidenti Santyaqo Penyanın impiçment yolu ilə vəzifəsindən uzaqlaşdırılması barədə qərar qəbul edib.
Teleqraf xəbər verir ki, təqdim olunan məlumata əsasən, qərar təxminən 3 milyon müştərinin hesablarının dondurulduğu iddia edilən “Ueno Bank” ətrafındakı qalmaqalla əlaqədardır.
Məlumata görə, Senatda keçirilən səsvermədə 44 senator prezidentin təqsirli bilinməsini dəstəkləyib, bir senator isə iclasda iştirak etməyib.
“44 senator təqsirləndirici qərarın lehinə səs verib. Səsvermənin nəticələrinə əsasən, Santyaqo Penya Palasios vəzifə səlahiyyətlərini lazımi qaydada yerinə yetirməməkdə təqsirli bilinir və qanuna uyğun olaraq Paraqvay Prezidenti vəzifəsindən uzaqlaşdırılır”, – Senatın sədri Basilio Nunyesin açıqlamasında bildirilib.
Bundan əvvəl Penya bank qalmaqalı fonunda istefa ərizəsi təqdim etsə də, Konqres impiçment prosedurunu davam etdirmək qərarına gəlib.
“Ueno Bank”ın maliyyə problemləri səbəbindən ölkənin Mərkəzi Bankı onun fəaliyyətinə müdaxilə edib. Nəticədə milyonlarla müştərinin öz vəsaitlərinə çıxışı məhdudlaşıb və ölkədə kütləvi etirazlar başlayıb.