BAKI, 9 oktyabr. TELEQRAF

Bu gün Bakıda “İsveçrə və Azərbaycan musiqisi dialoqda” adlı konsert keçirilib.

Teleqraf xəbər verir ki, tədbir İsveçrənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Bakı Musiqi Akademiyasında baş tutub.

Konsertdə İsveçrədən olan üç musiqiçi yerli ifaçılar və Bakı Musiqi Akademiyasının tələbələri ilə birlikdə səhnəyə çıxıb.

Proqramda hər iki ölkənin musiqi ənənələrini əks etdirən nümunələr təqdim olunub. Həmçinin İsveçrə və Azərbaycan mahnıları birgə ifa edilib, ənənəvi musiqi alətləri haqqında məlumat verilib.

Görüş zamanı musiqi təhsili, tələbə həyatı və gənc ifaçıların peşəkar inkişaf imkanları müzakirə edilib. Açıq sual-cavab sessiyasında iştirakçılar təcrübələrini bölüşüb, iki ölkədə musiqi təhsilinin xüsusiyyətləri barədə fikir mübadiləsi aparıblar.

Layihənin məqsədi musiqi vasitəsilə mədəni mübadiləni təşviq etmək və İsveçrə ilə Azərbaycan arasında gənc musiqiçilərin əlaqələrini gücləndirmək olub.