BAKI, 9 oktyabr. TELEQRAF

Bu ilin yanvar-sentyabr ayları ərzində gecikdirilmiş 548,4 min manat sosial xarakterli vəsaitin işçilərə ödənilməsi təmin olunub.

Teleqraf Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən işəgötürənlər tərəfindən 548 443 manat vəsaitin ödənilməsinin gecikdirildiyi müəyyən edilib.

Görülən tədbirlər nəticəsində həmin məbləğ işəgötürənlər tərəfindən işçilərə ödənilib. Bu vəsaitlərin 90 faizini əməkhaqqı, 10 faizini isə zərərə görə ödənc, müavinət və kompensasiyalar təşkil edib.

Müraciətlərin araşdırılması zamanı DƏMX tərəfindən 69 işçinin əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi də bəlli olub. Xidmətin müdaxiləsi nəticəsində həmin şəxslər əvvəlki işlərinə bərpa olunublar.