XOCALI, 6 mart. TELEQRAF
Xocalı rayonuna növbəti köç prosesi həyata keçirilib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu mərhələdə rayonun Təzəbinə kəndi və Seyidbəyli kəndi kəndlərinə ailələr yerləşdirilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Təzəbinə kəndinə 51 nəfərdən ibarət 9 ailə, Seyidbəyli kəndinə isə 16 nəfərdən ibarət 4 ailə köçürülüb.
Beləliklə, ümumilikdə 13 ailə olmaqla 67 nəfər doğma yurduna qayıdıb.
Xocalı şəhərində ailələrə yeni evlərinin açarlarını təqdim edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev sakinləri doğma torpaqlarına qayıtmaları münasibətilə təbrik edib, onlara yeni evlərində xoşbəxt və firavan həyat arzulayıb.
O bildirib ki, Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonları ərazilərində genişmiqyaslı bərpa-quruculuq və tikinti işləri aparılır. Sakinlərin rahat və təhlükəsiz yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb.
Hər iki kənddə sakinlər elektrik enerjisi, təbii qaz və içməli su ilə tam təmin ediliblər.
“Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə mərhələli şəkildə köç prosesi davam etdirilir.