AĞDAM, 17 fevral. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin (FHN) minatəmizləmə üzrə xüsusi təyinatlı qrupları işğaldan azad edilmiş ərazilərdə əməliyyatlarını davam etdirir.
Nazirliyin əməkdaşı Altay Alıyev Teleqraf-ın Qarabağ bürosuna bildirib ki, əməliyyatlar kəndlərdə, qəsəbələrdə və su hövzələrinin ətrafında aparılır.
Hazırda qruplar Ağdam rayonunda çalışır və minalardan, eləcə də partlamamış hərbi sursatlardan xeyli miqdarda çirklənmiş əraziləri təmizləyir. Əməliyyatlar mexaniki və əl ilə təmizləmə, həmçinin itlərlə minatəmizləmə bölmələri vasitəsilə həyata keçirilir.
Alıyev vurğulayıb ki, qruplar həm xaricdə təhsil almış, həm də ölkə daxilində akkreditasiyadan keçmiş mütəxəssislərdən ibarətdir və əməliyyatlar sürətlə və tam dəqiqliklə aparılır. Hazırda dayandıqları məntəqədə piyada əleyhinə R-001 minaları və partlamamış sursatlar toplanıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Şəmistan Əlizadə isə bildirib ki, minatəmizləmə əməliyyatları üç əsas üsulla aparılır: əllə, kinoloji üsulla və məsafədən idarə olunan mexaniki vasitələr vasitəsilə.
O qeyd edib ki, mexaniki minatəmizləmə vasitəsi işin sürətini və keyfiyyətini artırmaqla yanaşı, şəxsi heyətin təhlükəsizliyini də təmin edir. Mexaniki vasitə Fleyer və Tiller qoşqusuna malikdir: Fleyer bərk torpaq və daşlı ərazilərdə, Tiller isə bitki örtüklərinin sıx olduğu və yumşaq torpaqlarda daha effektlidir.
Şəmistan Əlizadə əlavə edib ki, bu vasitələr saatda 750–1500 kvadrat metr ərazini təmizləmək gücünə malikdir və hər iki qoşqu piyada və tank əleyhinə minaları zərərsizləşdirmək üçün nəzərdə tutulub.