AĞDAM, 16 fevral. TELEQRAF

Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədris başlanıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, 960 şagird yerlik Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədris prosesinə start verilib.

Müasir standartlara cavab verən təhsil müəssisəsində 43 sinif otağı, 16 inzibati otaq, 7 otaqdan ibarət STEAM mərkəzi, fizika, kimya və biologiya laboratoriyaları, informatika və çağırışaqədərki hazırlıq otaqları, kitabxana və muzey fəaliyyət göstərir.

Məktəbdə 352 yerlik yeməkxana, 468 yerlik akt zalı, iki qapalı idman zalı, eləcə də açıq havada futbol və basketbol meydançaları müəllim və şagirdlərin istifadəsinə verilib.

Tədrisin ilk günündə idarə müdiri Sənan Mənsimli məktəbdə olub, dərs prosesini izləyib. O, sinif otaqlarında aparılan dərslərlə yaxından tanış olub, müəllim və şagirdlərlə söhbət apararaq onların tədris prosesi ilə bağlı fikir və təkliflərini dinləyib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən il iyulun 18-də Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının açılışında iştirak edib. Məktəb binası işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində inşa olunub.