CƏLİLABAD, 16 fevral. TELEQRAF
Cəlilabad rayonunun Uzuntəpə kəndində baş verən cinayətin bəzi təfərrüatları məlum olub.
Teleqrafın Cənub bürosu xəbər verir ki, 52 yaşlı Azər Baxşiyev son dövrlər Bakı şəhərində, övladlarının yanında yaşayırmış.
Hadisəni törətməkdə şübhəli bilinən 24 yaşlı İbrahim Babayev onunla əvvəlcədən əlaqə saxlayaraq Cəlilabad rayonuna gəlməsində israr edib.
Rayona qayıdan A.Baxşiyev İ.Babayevlə görüşüb və aralarında mübahisə yaranıb. Bu zaman İ.Babayev A.Baxşıyevə bıçaq zərbəsi vuraraq onu ağır yaralayıb.
A.Baxşıyev xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.
O da qeyd olunur ki, tərəflər arasında qohumluq əlaqələri var. İlkin versiyaya görə, hadisənin ailədaxili mübahisə zəminində baş verdiyi istisna edilmir.
***
16:40
Fevralın 16-da Cəlilabad rayonu Uzuntəpə kəndi ərazisində 1974-cü il təvəllüdlü Azər Baxşiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Teleqraf-a Cəlilabad rayon prokurorluğundan bildirilib.
İlkin araşdırmalarla 2002-ci il təvəllüdlü İbrahim Babayevin bıçaqla xəsarət yetirərək Azər Baxşiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, İ.Babayev iş üzrə şübhəli şəxs qismində tutulub.
***
15:25
Cəlilabadda bıçaqlanan 52 yaşlı kişi vəfat edib.
Teleqrafın Cənub bürosu xəbər verir ki, fevralın 16-da saat 13 radələrində Cəlilabad rayonunda ağır xəsarət alan 52 yaşlı Azər Baxşiyev xəstəxanada ölüb.
Məlumata görə, o, kəsici-deşici alətlə ürək nahiyəsindən aldığı xəsarət səbəbindən tibb müəssisəsinə çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 24 yaşlı İbrahim Babayev polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.