MASALLI, 16 fevral. TELEQRAF
Masallı rayonunun Təzə Alvadı kəndində yaşayan 1979-cu il təvəllüdlü Tariyel Qasımov qeyri-adi bacarığı ilə hər kəsi heyrətləndirir.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, anadangəlmə görmə əngəlli Tariyel bir neçə dəfə əməliyyat olunsa da, həkimlər onun göz damarlarının həddindən artıq dar olduğunu və bu səbəbdən görmə imkanlarının məhdud qaldığını bildiriblər.
Amma fiziki məhdudiyyət onun zəka potensialını kölgədə qoya bilməyib.
Heç bir təhsil almayan Tariyel Qasımov bu gün çətin riyazi hesablamaları saniyələr ərzində aparmaq qabiliyyəti ilə seçilir. O, illər əvvəl baş vermiş hadisələrin tarixini dəqiqliklə xatırlayır, hətta konkret ilin müəyyən gününün həftənin hansı gününə təsadüf etdiyini tərəddüdsüz deyə bilir.
Ən maraqlısı isə budur ki, qarşısındakı şəxs yalnız doğum tarixini söyləməklə kifayətlənir – Tariyel həmin ili günə çevirir və o günün həftənin neçənci gününə düşdüyünü dərhal cavablandırır. Bununla da kifayətlənmir. O, illər öncə müəyyən aylarda havanın necə keçdiyini – yağışlı olub-olmadığını belə düşünmədən xatırlayır.
Kənd sakinlərinin sözlərinə görə, Tariyelin yaddaşı “canlı arxiv” kimidir. O, özü isə bütün bunları xüsusi istedadla yanaşı, yalnız öz üzərində işləməklə qazandığını deyir. Kitab oxuya bilməsə də, eşitdiklərini və yadda saxladıqlarını sistemli şəkildə beynində quraraq hesablamalar aparmağı öyrənib.
Tariyelin hekayəsi bir daha sübut edir ki, məhdudiyyət bəzən insanın gücünü üzə çıxaran əsas səbəbə çevrilə bilir. Masallının sakit bir kəndində yaşayan bu qeyri-adi zəka sahibi artıq ətraf bölgələrdə də maraqla qarşılanır.
Tariyel Qasımovun həyatı həm iradənin, həm də insan beyninin sərhədsiz imkanlarının canlı nümunəsidir.
