BEYLƏQAN, 10 fevral. TELEQRAF

Körpə ölümü ilə bağlı Beyləqan Rayon Mərkəzi Xəstəxanası məlumat yayıb.

Xəstəxanadan Teleqraf-ın Qarabağ bürosuna verilən məlumata görə, 8 fevral 2026-cı il tarixində saat 10:00 radələrində 1996-cı il təvəllüdlü hamilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Hamiləliyinin 39-cu həftəsində olan pasiyentdə təbii doğuş prosesi icra edilib. Körpənin (kişi) çəkisi 4100 qram, boyu 53 santimetr olub.

Doğuşdan sonra yenidoğulmuşa dəqiqləşdirilməmiş tənəffüs çatışmamazlığı diaqnozu təyin olunub.

Aparılan reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq 9 fevral 2026-cı il tarixində saat 12:00 radələrində yenidoğulmuşun bioloji ölüm faktı qeydə alınıb.

Hadisə ilə əlaqəli Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.

***

10:16

Beyləqan rayonunda doğuşdan sonra yeni doğulan körpənin ölümü ilə bağlı araşdırma aparılır.

Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, ötən gün Beyləqan rayonunun Birinci Şahsevən kənd sakini, 1996-cı il təvəllüdlü Ülviyyə Əliyeva 39 həftəlik hamiləliklə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Doğuş prosesinin normal keçməsinə baxmayaraq, dünyaya gələn oğlan uşağı bir müddət sonra həyatını itirib.

Ana Ü.Əliyevanın səhhəti normaldır.