LƏNKƏRAN, 9 fevral. TELEQRAF

Lənkəran rayonunda Azərbaycanda ilk dəfə Arı Terapiyası Evi yaradılıb.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, bu maraqlı yeniliyə Lənkəran şəhərinin Kosalar kənd sakini Teymur Əliyev tərəfindən imza atılıb.

Xüsusi şəkildə inşa edilən Arı Terapiyası Evinin daxilində 11 arı ailəsi yerləşdirilib. Məkana daxil olan şəxslər burada təxminən 2 saat ərzində uzanaraq dincəlməli və yatmalıdırlar.

Terapiya əsasən yaz və yay ayları üçün nəzərdə tutulub.

Müalicə prosesi zamanı insanlar arı südü, propolis və balın təbii qoxuları ilə zənginləşdirilmiş havada nəfəs alırlar. Hava xüsusi havalandırma sistemi vasitəsilə arı pətəklərindən birbaşa otağın içinə ötürülür.

Arıçı bildirir ki, bu üsul asma, bronxit, allergiya, xroniki baş ağrıları və ağciyər xəstəliklərinin müalicəsində misilsiz fayda verir.

Qeyd olunur ki, terapiya zamanı insanlar arıları görmür və onlarla birbaşa təmasda olmurlar. Arılar evin çöl hissəsində yerləşən xüsusi girişlər vasitəsilə öz yuvalarına girib-çıxırlar. Yalnız pətəklərdəki təbii qoxular havalandırma yolu ilə içəri daxil olaraq insanlara şəfa verir.

Teymur Əliyevin sözlərinə görə, bu metoddan dünyanın bir çox ölkələrində geniş istifadə olunur və alternativ müalicə üsulu kimi tanınır. Arı Terapiyası Evi iki nəfər üçün nəzərdə tutulub və tam təhlükəsiz şəraitdə fəaliyyət göstərir.

Layihənin əsas məqsədi insanların sağlamlığına töhfə verməklə yanaşı, təbii şəfa mənbəyi olan arıların və arı təsərrüfatlarının qorunmasına da diqqət çəkməkdir.