LƏNKƏRAN, 4 fevral. TELEQRAF
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Lənkəran şəhəri, Osman Mirzəyev adına 5 saylı Uşaq evi sosial xidmət müəssisəsinə mediatur təşkil edilib.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, mediatur çərçivəsində media nümayəndələri müəssisədə yaradılan şərait və burada yaşayan uşaqlara göstərilən sosial xidmətlərlə yaxından tanış olublar.
Jurnalistlərə bildirilib ki, uşaq evinin binası Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə təmir edilib və ötən ilin noyabr ayında yenidənqurmadan sonra istifadəyə verilib. Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva iştirak ediblər.
1 və 2 mərtəbəli olmaqla 5 korpusdan ibarət müəssisədə sinif otaqları, informatika, tikiş və xalçaçılıq, rəqs və musiqi otaqları, eləcə də emalatxanalar yaradılıb. Uşaq evi zəruri mebel və avadanlıqlarla, həmçinin əyani vəsaitlərlə tam təchiz olunub. Müəssisədə istirahət və tibb otaqları, qarderob, kitabxana və oxu zalı, yeməkxana, akt və idman zalları, açıq idman meydançası fəaliyyət göstərir. Bundan əlavə, oyun attraksionları ilə təmin olunmuş meydança inşa edilib, həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb.
120 çarpayılıq müəssisədə hazırda kiçik və böyük yaş qrupları üzrə 35 uşaq dövlət himayəsində yaşayır.
Qeyd edək ki, Sosial Xidmətlər Agentliyinin tabeliyində 6 uşaq evi sosial xidmət müəssisəsi və 2 ailə tipli kiçik qrup evi fəaliyyət göstərir. Bu müəssisələrdə ümumilikdə 433 uşaq stasionar və yarımstasionar formada müxtəlif sosial xidmətlərlə təmin olunur.
Uşaq evi sosial xidmət müəssisələrində əsaslı qayğıdan ailə mühitinə yaxın alternativ qayğı modelinə keçid istiqamətində də işlərə başlanılıb. Bu model uşaqların həyat bacarıqlarını daha yaxşı mənimsəyərək sağlam mühitdə böyümələrinə mühüm töhfə verir.