BAKI, 8 dekabr. TELEQRAF

Göygöl rayonunun Toğanalı kəndi ərazisində "Niva" markalı avtomobilin dərəyə aşması nəticəsində ölən Gəncə şəhər sakini 43 yaşlı Vəhdəddin Kaplanov Kəlbəcər rayonunda tikinti şirkətlərindən birində mühəndis vəzifəsində çalışıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə Vəhdəddin Kaplanov Kəlbəcər rayonundan dönən zaman baş verib.

Xatırladaq ki, qəza zamanı sürücü Ağdam rayon sakini Şamxal Abbasov, Gəncə şəhər sakinləri 40 yaşlı Nəsimi Heydərov və Murad Nəhmətov müxtəlif dərəcəli bədən xəsarəti alıblar.

***

14:50

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Göygöl rayonu, Toğanalı kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

FHN-dən Teleqraf-a bildirilib ki, məlumatla əlaqədar Nazirliyin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Niva” markalı minik avtomobili dərəyə aşıb və 1 nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində sıxılı vəziyyətdə qalan 1 nəfərin meyiti çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

***

22:31

GÖYGÖL, 7 dekabr. TELEQRAF

Göygöl rayonunda yol-nəqliyyat hadisəsində ölən şəxsin kimliyi bilinib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Toğanalı-Kəlbəcər magistral yolunda qeydə alınıb.

İlkin məlumata görə, sərnişin Kaplanov Vəhəddin Fikrət oğlu hadisə yerində ölüb.

Maşında olan daha üç nəfər Göygöl rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralıların Gəncə şəhərindəki tibb müəssisələrindən birinə yerləşdirilməsi gözlənilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Xilasetmə Hissəsinin əməkdaşları və polis cəlb olunub.

Məlumat üçün bildirək ki, qəza zamanı "Niva" markalı maşın dərin çuxura düşüb. Onlar Kəlbəcər rayonundan gəlirlərmiş.

Faktla bağlı araşdırma başlanılıb.

***

20:48

Göygöl rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb.

Qəza zamanı hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) -in Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin əməkdaşları və polis cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.