QARABAĞ, 18 iyul. TELEQRAF

Bu gün Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) yaradılmasından 27 il ötür. 1998-ci ilin bu günündə, Birinci Qarabağ müharibəsindən sonra təsis edilən ANAMA, hazırda dünyada tanınan minatəmizləmə qurumlarından birinə çevrilib. Agentliyin bazasında mövcud olan xüsusi texnika, minaaxtaran cihazlar və təlim keçmiş itlərin dəstəyi ilə təhlükəli ərazilərin təmizlənməsi aparılır. Vətən müharibəsindən əvvəlki illərdə ANAMA tərəfindən Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Bərdə, Füzuli, Gəncə, Goranboy, Qazax, Mingəçevir, Samux, Tərtər, Tovuz və Qaradağ rayonunun Güzdək qəsəbəsində minatəmizləmə əməliyyatları həyata keçirilib.

Vətən müharibəsindən sonra isə Agentliyin əməkdaşları Ermənistan Silahlı Qüvvələrinin müxtəlif növ hərbi sursatlarla çirkləndirdiyi torpaqları qarış-qarış təmizləyərək, bu əraziləri yenidən yaşayış üçün təhlükəsiz hala gətirir.

Qurumun məlumatına görə, 10 noyabr 2020-ci il tarixindən bu günədək işğaldan azad edilmiş ərazilərdə humanitar minatəmizləmə fəaliyyətinə cəlb edilən qurumlar tərəfindən ümumilikdə 214 864 hektar ərazi minalardan və partlayıcı qalıqlardan təmizlənib.

Bu müddətdə 37 585 ədəd piyada əleyhinə mina, 21 980 ədəd tank əleyhinə mina və 141 858 ədəd partlamamış hərbi sursat olmaqla, ümumilikdə 201 523 ədəd mina və müharibə qalıqları zərərsizləşdirilib.

Minalar və partlamamış sursatlar yalnız Azərbaycan üçün deyil, dünya üçün təhlükədir. Ermənistandan qaynaqlanan işğal və uzun sürən münaqişə nəticəsində Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələrdən birinə çevrilib.

İllik qiymətləndirmələrə görə, Ermənistan işğal illərində Azərbaycan torpaqlarında 1 milyondan çox mina basdırıb. İşğaldan azad edilmiş ərazilərdə isə hazırda Beynəlxalq Minatəmizləmə Standartlarına uyğun əməliyyatlar həyata keçirilir.

Yaşayış infrastrukturunun bərpası, kənd təsərrüfatı, nəqliyyat və energetika sahələri, sənaye parkları və digər prioritet istiqamətlərdə aparılan təmizləmə işləri əl minaaxtarma üsulu, mexaniki maşınlar və minaaxtaran itlərin dəstəyi ilə icra olunur.

Son 30 ildə Azərbaycanda 3400-dən artıq mina qurbanı qeydə alınıb. Onlardan 362 nəfəri uşaq, 38 nəfəri isə qadındır.

Təkcə 10 noyabr 2020-ci ildən 11 iyul 2025-ci ilədək baş verən mina hadisələrində 400 nəfər zərər çəkib. Onlardan 70 nəfəri həlak olub, 330 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Mina qurbanlarından biri də Ağcabədinin Yuxarı Qiyamadınlı kənd sakini Elməddin Mirzəyevdir. O, ömrünün 15 ilini ermənilərin basdırdığı minaları aşkarlayıb zərərsizləşdirməyə həsr edib.

ANAMA-da işlədiyi illərdə hər gün ölümlə üz-üzə qalan Elməddin insanların təhlükəsizliyi üçün həyatını riskə atıb. Onun son iş günü 29 yanvar 2021-ci ildə olub. Həmin gün Bərdə-Ağdam dəmir yolunun çəkilişi üçün ərazinin minalardan təmizlənməsi tapşırığını yerinə yetirərkən mina partlayışı nəticəsində hər iki gözündən və bir ayağından zədələnib.

Bir gözünü tam itirsə də, digər gözünün görmə ehtimalı qalırdı. Dövlətin dəstəyi ilə Almaniyadan gətirilən göz qişası və protez ayaqla Elməddin yeni həyata adaptasiya edib.

Onun həyat arzuları minalarla birlikdə sanki qaranlığa qərq olub. Atasız və anasız böyüyən Elməddinin ailəsində indi 4 oğlu böyüyür - Həsən, Rəvan, Tofiq və Yaqub.

Elməddin Mirzəyev işğaldan azad edilmiş torpaqlara qeyri-qanuni yolla keçməyə çalışanlara da xəbərdarlıq edib:

"15 illik iş təcrübəmə baxmayaraq, mən belə ermənilərin qurduğu ölüm tələlərinin qurbanı oldum. İki gözümü və bir ayağımı itirmişəmsə, minalardan heç anlayışı olmayan bir insan üçün nəticə daha dəhşətli ola bilər. Hər kəs mənim qədər şanslı olmaya bilər".