BAKI, 13 iyul. TELEQRAF

“Müasir dövrdə informasiya təhlükəsizliyi, rəqəmsal transformasiya, süni intellekt, dezinformasiya və qlobal kommunikasiya məsələləri beynəlxalq gündəliyin əsas mövzuları sırasında yer alır. Çünki informasiya artıq yalnız xəbərin yayılması vasitəsi deyil, dövlətlərin təhlükəsizliyinə, ictimai rəyə, beynəlxalq münasibətlərə və hətta qlobal siyasi proseslərə təsir göstərən strateji resursa çevrilib. Belə bir şəraitdə peşəkar jurnalistikanın inkişafı, media institutları arasında əməkdaşlığın gücləndirilməsi və qlobal çağırışların birgə müzakirəsi xüsusi əhəmiyyət kəsb edir”.

Teleqraf xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, Azərbaycanın ev sahibliyi etdiyi Şuşa Qlobal Media Forumu qısa müddət ərzində dünyanın müxtəlif ölkələrindən media rəhbərlərini, jurnalistləri, ekspertləri, dövlət rəsmilərini və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirən nüfuzlu beynəlxalq platformaya çevrilib. IV Şuşa Qlobal Media Forumu bu il “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunub. Dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxsin iştirak etdiyi forumda 30-a yaxın beynəlxalq informasiya agentliyi və 60-dan çox aparıcı media qurumu təmsil olunur. Həmçinin, 10-a yaxın beynəlxalq təşkilat və şirkətin nümayəndələri də tədbirə qatılıb. Bu fakt özlüyündə Şuşa Forumunun önəmindən xəbər verir.

Forumun hər il seçilən mövzuları qlobal informasiya gündəmini müəyyənləşdirən ən aktual məsələləri əhatə etməklə yanaşı, müasir medianın inkişaf istiqamətlərini və onun qarşısında duran əsas çağırışları əks etdirir. Məhz bu baxımdan Azərbaycanın təşəbbüsü ilə keçirilən Şuşa Qlobal Media Forumu qısa müddətdə dünyanın nüfuzlu media platformalarından biri kimi böyük nüfuz qazanıb. Forum müxtəlif ölkələrdən media nümayəndələri arasında peşəkar dialoqu təşviq etməklə yanaşı, qlobal informasiya mühitində aktual problemlərin müzakirəsi və ortaq yanaşmaların formalaşdırılması üçün mühüm imkan yaradır. Eyni zamanda, bu tədbir Azərbaycanın beynəlxalq humanitar diplomatiyasının mühüm elementlərindən biri olmaqla, ölkəmizin açıq dialoqa, beynəlxalq əməkdaşlığa və qlobal media gündəliyinin formalaşmasına verdiyi töhfənin bariz göstəricisidir".

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev Forumda dərin məzmunlu çıxış edib, çoxsaylı sualları ətraflı şəkildə cavablandırdı: "Belə ki, regionumuzda vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, işğaldan azad olunmuş ərazilərimizdə quruculuq işləri, Böyük Qayıdış, regionda və beynəlxalq münasibətlər sistemində baş verən proseslər və s. məsələlər diqqət mərkəzində oldu.

Bütövlükdə, Forumda aparılan müzakirələr qlobal miqyasda böyük əhəmiyyət kəsb edir. Tədbirin məhz Şuşa şəhərində keçirilməsi isə xüsusi məna daşıyır. Çünki bu torpaqlar təkcə tarixi-mədəni irsimizin deyil, eyni zamanda beynəlxalq intellektual əməkdaşlığın, qlobal dialoqun, texnoloji və informasiya mübadiləsinin də mərkəzinə çevrilir”.